Most searched:

Şeyx Bəhai

Şeyx Bəhainin həzrət Əli (ə) müqəddəs hərəminin layihələndirilməsi və tikintisində rolu

Şeyx Bəhayi, Səfəvilər dövrünün görkəmli alimi olaraq, dini elmlərlə yanaşı riyaziyyat, astronomiya və mühəndislik sahələrində də seçilirdi. Mənbələr onun Nəcəfdə olmasını və həzrət Əli (ə) müqəddəs hərəminin şərəfli həyətinin layihələndirilməsi və memarlığında təsirli rol oynadığını göstərir.

Şeyx Bəhayi mühəndislik biliyi və bədii zövqündən istifadə edərək, müqəddəs imam Əli (ə) hərəminin möhtəşəm memarlığının formalaşmasında böyük pay sahibi olmuşdur. Bu tikili İslam sivilizasiyası tarixində elm, sənət və imanın vəhdətinin təcəssümü hesab olunur.

Şeyx Bəhainin elmi və mühəndislik mövqeyi

Məlum olduğu kimi, Şeyx Bəhayi riyaziyyat, həndəsə və astronomiya elmlərində dərin biliyə malik idi və astrolabın işləmə mexanizmini mükəmməl bilirdi. O, bu sahələrdə, eləcə də qiblənin təyin olunması mövzusunda çoxsaylı risalə və əsərlər qələmə almışdır. Onun əsərləri sırasında “Təşrihül-əflak”, “Xülasətül-hesab”, “Astrolab” (ərəb və fars dillərində) və qiblə haqqında bir risalə qeyd oluna bilər. O, Şah I Abbasın xüsusi mühəndisi sayılırdı və onun üçün İranda bir sıra seçilən və bənzərsiz tikililər layihələndirib inşa etmişdir.

Şeyx Bəhainin Nəcəfdə yaşamasına dair dəlillər

Şeyx Bəhainin həzrət Əli (ə) müqəddəs hərəminin yeni binasının tikintisinə nəzarət etdiyi dövrdə qaldığı otaq, şərəfli həyətin qərb hissəsinin yuxarı mərtəbəsində, Babül-Fərəc tərəfdə yerləşir; yəni birinci hücrənin düz üstündə və Əbu Talib (ə) rəvaqının yanında daha dıqiq desək onun sol tərəfindədir. Bu məlumat Nəcəf əhli arasında nəsildən-nəslə ötürülərək məşhurlaşmışdır.

Şeyx Bəhayi hərəmin tikintisinə nəzarət etdiyi müddətdə iki beyt şeir söyləmiş, bu şeir kaşı üzərinə yazılaraq müqəddəs hərəmin qapılarından biri olan Babül-Murad yanında yerləşən, ayaqqabı saxlanılan yerin (əl-kişvaiyyə kimi tanınan məkanın) divarına yerləşdirilərək bəzədilmişdir.

Şeyx Bəhainin iştirakına dair yazılı sənəd

“Kəşkül” kitabında Şeyx Bəhainin Səfəvi memarlığının layihələndirilməsində rolunu təsdiqləyən mühüm bir mətn yer alır. Orada belə yazılmışdır:

«Bu yazının müəllifi, Bəhaəddin Amili adı ilə tanınan Məhəmməd, Nəcəfi-Əşrəfdə həzrət Əli (ə) müqəddəs hərəminin ziyarətçilərinin ayaqqabılarını saxlamaq üçün bir yer tikmək qərarına gəldi və ağlına gələn iki beyti orada yazdı.»

هذا الأُفُقُ الْمُبِينُ قَدْ لَاحَ لَدَيْكَ

فَاسْجُدْ مُتَذَلَّلاً وَعَفْرْ خَدَّيْكَ

ذا طُورُ سِينِينَ فَاغْضُضِ الطَّرْفَ بِهِ

هذا حَرَمُ العِزَّةِ فَاخْلَعْ نَعْلَيْكَ

Bu aşkar üfüq sənin qarşında zahir oldu,
Elə isə təvazö ilə səcdə et və yanaqlarını (üzünü) torpağa sürt.
Bu, Tur-Sinin (müqəddəs dağı) kimidir – burada baxışını aşağı sal,
Bura izzət hərəmi­dir – ayaqqabılarını çıxart.

Əllamə Seyid Nəmatullah Cəzairi (hicri-qəməri 1112-ci ildə vəfat edib) Şeyx Bəhainin sözləri barədə belə demişdir: Bu sözlər o qədər dəyərlidir ki, gərək behişt hurilərinin üzünə nurla yazılsın.

Qeyd etmək lazımdır ki, bu yazı hazırda həzrət Əli (ə) müqəddəs hərəminin müqqəddəs həyətində mövcud deyil. Belə ki, son dörd əsr ərzində aparılan bərpa və kaşı örtüklərinin yenilənməsi işləri nəticəsində bir çox tarixi və mədəni izlər aradan getmişdir. Bu yazıya aid kaşı hicri-qəməri 1369-cu ildə (hicri-şəmsi 1328-ci ilə uyğun), hərəmin otaqlarının və rəvaqlarının divarlarının yenilənməsi və şirələnməsi zamanı sökülmüşdür. Beləliklə, Şeyx Bəhainin Nəcəfi-Əşrəfdə olması və onun müqəddəs imam Əli (ə) məqbərəsinin layihələndirilməsi və tikintisinə nəzarətdəki roluna açıq işarə edən mühüm maddi sənədlərdən biri itirilmişdir.

Doktor Həsən əl-Həkim yazır:

«Şeyx Bəhayi həzrət Əli (ə) müqəddəs hərəminin şərəfli həyətinin və ümumilikdə müqəddəs hərəmin memarlığında böyük rol oynamışdır. Çünki ərəb və müsəlman alimləri arasında dini elmlərlə yanaşı riyaziyyat, astronomiya və mühəndislik sahələrində bu dərəcədə bacarıqlı olan alimə nadir hallarda rast gəlinir. O, bir müddət Nəcəfi-Əşrəf şəhərində həmin şəhərin mədrəsəsində müəllim kimi yaşamış və Nəcəf alimləri ilə dərin əlaqələr qurmuşdur. Onun İsfahana qayıdışından sonra da Nəcəf alimləri ilə ədəbi yazışmalar – həm şeir, həm də nəsr şəklində – davam etmişdir. İmam Əli (ə) müqəddəs hərəminin layihələndirilməsi zamanı o, ziyarətçilərin ayaqqabılarını saxlamaq üçün xüsusi bir məkan da inşa etmişdir.»

Şeyx Bəhainin tarixi olaraq mövcudluğu barədə araşdırma

Bəzi tədqiqatçılar Şeyx Bəhainin həzrət Əli (ə) müqəddəs hərəminin memarlıq layihələndirilməsində rolunu şübhə altına alır və ya onu inkar edirlər. Bu şübhənin səbəbi tikintinin başlanğıcının Səfəvi şahı I Şah Abbasın nəvəsinə aid edilməsidir, onun babasına deyil. Bu isə o deməkdir ki, Şah Səfi taxta çıxmazdan əvvəl — hicri 1038-ci ildə — Şeyx Bəhayi vəfat etdiyi üçün onun bu işdə iştirak etməsi mümkün sayılmır.

Məsələn, Seyid Həsən Sədr (hicri 1354-cü ildə vəfat etmişdir) belə hesab edirdi ki, bu binanın tikintisi I Şah Abbas tərəfindən deyil, onun nəvəsi Şah Səfi dövründə başlanmışdır və bunu hicri 1047-ci ilə aid edir. O həmçinin əlavə edir ki, Şah Səfinin 1052-ci ildə vəfatından sonra onun oğlu II Şah Abbas binanın tamamlanmasını davam etdirmişdir. Bu əsasla o, Şeyx Bəhainin həzrət Əli (ə) məqbərəsinin memarlıq planlarını hazırlaması ehtimalını rədd edir; çünki onun fikrincə, Şeyx Bəhayi tikintinin başlanmasından əvvəl vəfat etmişdir.

Bu fikrə cavab olaraq Şeyx Cəfər Məhbubə belə deyir:

«Nəcəf əhli arasında məşhur olan budur ki, bu binanın tikintisi I Şah Abbas dövründə həyata keçirilmişdir və bunda heç bir şübhə yoxdur. Onlar bu rəvayəti nəsildən-nəslə ötürərək qəbul etmişlər, digər müqəddəs məkanlar və tarixi abidələrdə olduğu kimi. Bundan əlavə, tarixi mənbələr də bu fikri təsdiqləyir; “Müntəzim Nəsiri” və “Rövzətüs-səfa əlavəsi” kimi fars mənbələrində qeyd olunur ki, I Şah Abbasın əsərləri arasında günbəz, həyət və həzrət Əli (ə) hərəminin tikintisi vardır. Buna görə də bu işi Şeyx Bəhayi ilə əlaqələndirmək mümkündür, çünki o, Şah Abbasın müasiri idi. Üstəlik, heç bir tarixi məlumat yoxdur ki, II Şah Abbasın günbəzi tikdiyini və ya Nəcəfə ziyarətə getdiyini göstərsin.

Seyid Həsən Sədr öz iddiasını Məhəmməd ibn Zəvir Süleymani və Seyid Əli Şuləstaniyə istinadla əsaslandırır. Lakin Seyid Əli Şuləstaniyə aid olan və “Məzarül-bihar” və Şeyx Yusif Bəhra­ninin “Kəşkül” əsərində nəql edilən məlumat nə Şah Səfi dövründə başlanğıc, nə də II Şah Abbas dövründə tamamlanmanı sübut edir və həmçinin I Şah Abbasın rolunu inkar etmir.

Biz vurğulayırıq ki, Seyid Sədr və onun tərəfdarlarının irəli sürdüyü fikir yanlış olmuşdur və mötəbər tarixi mənbələrlə ziddiyyət təşkil edir. Mənbələrdə açıq şəkildə qeyd olunur ki, bu tikilinin başlanğıcı hicri 1023-cü ildə, I Şah Abbas dövründə, həzrət Əli (ə) müqəddəs hərəminin taxta qapısında qeyd olunmuşdur. Bu isə göstərir ki, Şeyx Bəhayi həmin dövrdə sağ idi və yeni binanın tikintisi onun həyatı zamanı başlamışdır.

Tarixi dəlillər və çoxsaylı sübutlar göstərir ki, Şeyx Bəhayi bu müqəddəs binanın layihələndirilməsi və mühəndisliyində mühüm rol oynamışdır; çünki o, Allahın lütfü və imam Əli (ə) mərhəməti ilə müşayiət olunan qeyri-adi zəkaya və misilsiz istedada sahib idi. Allah onu yaxşı əməl sahiblərinin ən gözəl mükafatı ilə mükafatlandırsın və həzrət Əmirəlmöminin Əlinin (ə) şəfaətinə nail etsin.

 

Mənbə:
“Tarix əl-Mərqəd əl-Ələvi əl-Mütəhhər” kitabı

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir