İfaf həftəsi çərçivəsində 13-cü «Dini mükəlləfiyyət» və «Mənim çadırım» festivalları 17 mindən çox qız şagird və tələbənin iştirakı ilə keçiriləcək.
İmam Əli (ə) hərəmi aidiyyəti bölmələrin məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Həzrət Fatimeyi-Zəhranın (s.ə.) mövludunun ildönümü ilə eyni vaxta təsadüf edən İfaf həftəsinin proqramlarının son təfərrüatlarını müzakirə edib.
İclasda bu əlamətdar gün münasibətilə bir sıra dini, mədəni və sosial proqramların keçirilməsi üçün son koordinasiya işləri, eləcə də təşkilati və texniki hazırlıqlar nəzərdən keçirilib.
İmam Əli (ə) hərəminin Media şöbəsi sədrinin müavini Cəfər əl-Budeyri hərəm ziyarətgahının xəbər mərkəzinə verdiyi müsahibədə bildirib:
«Bu iclasda 13-cü ənənəvi illik Dini Mükəlləfiyyət Festivalının keçirilməsi ilə bağlı təfərrüatlar müzakirə olunub. Builki tədbir Nəcəfül-Əşrəfdə və İraqın 13-dən çox vilayətində 12 mindən artıq qız şagirdin iştirakı ilə keçiriləcək».
O, əlavə edib:
«Mərasim iştirakçı vilayətlərdə vahid proqram əsasında, eyni gün və saatda, eyni zamanda Nəcəfül-Əşrəfdə mərkəzi tədbirin təşkili ilə paralel şəkildə keçiriləcək.
Bayrağın qaldırılması, hədiyyələrin və mədəniyyət paketlərinin təqdim olunması, ehsan süfrələrinin açılması və Həzrət Fatimeyi-Zəhranın (s.ə.) mövlud gecəsində xalq məclislərinin təşkili bu münasibətlə nəzərdə tutulan proqramlar sırasındadır».
O, həmçinin bildirib:
«İclasda “Mənim çadırım” festivalının keçirilməsi üçün görülən hazırlıqlar da müzakirə olunub. Builki tədbir Xanım Fatimeyi-Zəhranın (s.ə.) həyətində, İraqın 20-dən çox universitetindən 5 mindən artıq tələbənin iştirakı ilə keçiriləcək.
Festival çərçivəsində universitet mühitində çadra geyiminə riayət edən tələbələr təltif olunacaqlar. Bundan əlavə, uşaqlar və xanımlara həsr olunmuş bir sıra mədəni və sosial proqramlar da həyata keçiriləcək».
Cəfər əl-Budeyri qeyd edib:
«İclasda müzakirələrin mühüm bir hissəsi iki festivalda minlərlə insanın eyni vaxtda iştirakının idarə olunması üçün təşkilati mexanizmlərin hazırlanmasına həsr edilib. Bu məqsədlə Xanım Fatimeyi-Zəhra (s.ə.) həyətinin tutumu, iştirakçıların giriş-çıxış və hərəkət qaydaları, nəqliyyat vasitələrinin təmin edilməsi, qonaqların qarşılanması və onlara yemək verilməsi, eləcə də tədbirlərin mediada işıqlandırılması və informasiya təminatı məsələləri nəzərdən keçirilib. İcra planının yekunlaşdırılması və təsdiqi üçün müvafiq təkliflər və qeydlər təqdim olunub».
Bu iclas İmam Əli (ə) hərəminin İfaf həftəsi proqramlarının təşkili istiqamətində keçirdiyi ardıcıl koordinasiya görüşlərinin, əraziyə baxışların və ilkin hazırlıq tədbirlərinin davamı olaraq təşkil edilib.
Bu istiqamətdə hədiyyələrin və zəruri ləvazimatların təmin edilməsi, təşkilati və texniki dəstək işlərinin görülməsi, eləcə də Nəcəf vilayətinin müxtəlif məntəqələrində bayram bəzəklərinin quraşdırılması kimi tədbirlər həyata keçirilib.
İmam Əli (ə) hərəmi bu proqramları həyata keçirməklə İfaf həftəsi mərasimlərinin nizamlı və möhtəşəm şəkildə keçirilməsi üçün zəruri infrastruktur və imkanları təmin etməyə çalışır. Bu tədbirlər Həzrət Fatimeyi-Zəhranın (s.ə.) mövludunun ehtiramla qeyd olunması məqsədi daşıyır.






