İmam Əli (ə) hərəminin müdiriyyət müavininin və İdarə Heyətinin üzvlərinin iştirakı ilə “Beytül-Əhzan” sərgisinin açılışı olmuşdur.
İmam Əli (ə) hərəmi müdiriyyətin müavini Ehsan Tai, İdarə Heyətinin bir qrup üzvü və şöbə rəhbərlərinin iştirakı ilə “Beytül-Əhzan” sərgisini açmışdır.
Sərgi Həzrət Fatimeyi-Zəhranın (s.ə.) həyatının müxtəlif mərhələlərini əks etdirir və xüsusilə o Həzrətin əziz atası, Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatından sonra üzləşdiyi müsibət və əzablara həsr olunmuşdur.
Sərgidə tarixi sənədlərlə müasir texnologiyaların vəhdəti əsasında yenidən canlandırılmış səhnələr nümayiş etdirilir. Bu vasitə ilə ziyarətçilər həmin hadisələri sanki yaxından yaşamaq, onların insani və etiqadi mahiyyətini daha dərindən dərk etmək imkanı əldə edirlər.
İmam Əli (ə) hərəminin Fikir və Mədəniyyət İşləri Şöbəsinin müdiri Kərrar əl-Həlv Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirmişdir: “Bu sərgi müxtəlif ictimai təbəqələrə mənəvi və maarifləndirici məfhumların çatdırılmasının müasir üsullarından biridir. Sərginin təşkilində məqsəd Həzrət Zəhranın (s.ə.) həyatında təcəlli edən səbir, dözümlülük və haqqı müdafiə etmək kimi insani dəyərləri cəmiyyətdə möhkəmləndirmək və bu məfhumlardan ilham almaqdır”.
O, əlavə etmişdir: “Sərgidə müasir texnologiyalardan, xüsusilə süni intellektin səhnə və təsvirlərin ziyarətçilərə interaktiv və onların təsəvvürünə yaxın şəkildə təqdim edilməsində tətbiqindən istifadə olunmaqla yanaşı, evin tarixi və irsi xüsusiyyətlərinin qorunmasına da diqqət yetirilmişdir. Bu məqsədlə divarların xüsusi dizaynı, tikinti materiallarından istifadə və qədim tikinti üsullarının tətbiqi nəzərdə tutulmuşdur. Beləliklə, həmin tarixi dövrdəki evin xüsusiyyətlərinə uyğun bir məkan yaradılmış və tarixi hadisələr ziyarətçilərin təsəvvürünə daha da yaxınlaşdırılmışdır”.
İmam Əli (ə) hərəminin Fikir və Mədəniyyət İşləri Şöbəsinə bağlı İslam Mədəniyyəti Bölməsinin nümayəndəsi Şeyx Həsneyn Qəftan sərgi haqqında ətraflı məlumat verərək bildirmişdir: “Bu sərgidə Həzrət Fatimeyi-Zəhranın (s.ə.) bərəkətli həyatının müxtəlif mərhələləri yenidən canlandırılmışdır. Buraya o Həzrətin dünyaya gəlişi, böyüməsi və tərbiyə aldığı dövr, əziz atası Allahın Rəsulunun (s) vəfatından sonrakı hadisələr, eləcə də ömrünün son günləri və şəhadət səhnələri daxildir”.
O, sözlərinə əlavə etmişdir: “Tarixi hadisələrin yenidən canlandırılması üsulundan yazılı sənədlərlə birlikdə istifadə edilməsi ziyarətçilərə o Həzrətin həyatında baş vermiş hadisələrlə yaxından və daha təsirli şəkildə tanış olmaq imkanı yaradır. Bu yanaşma həmçinin Əhli-beytlə (ə) mənəvi bağlılığın güclənməsinə, onların mövqeləri və fədakarlıqları haqqında məlumatların genişlənməsinə xidmət edir. Çünki bu üsulda tarixi biliklər hadisələrin vizual təcrübəsi ilə vəhdət təşkil edir”.
Bu sərginin açılışı İmam Əli (ə) hərəmində Əhli-beytin (ə) əlamətdar günlərinin yad edilməsi və onların həyat yoluna dair məfhumların tarixi irsin orijinallığını müasir texnologiyalarla birləşdirən üsullarla təqdim olunması istiqamətində həyata keçirilən proqramlar çərçivəsində baş tutmuşdur.









