İmam Əli (ə) hərəminin himayəsi ilə «Atamız Əli» kampaniyası Nəcəfi-Əşrəfdə artıq altıncı ildir ki, keçirilir.
İmam Əli (ə) hərəminin xidmətçiləri üçün nəzərdə tutulmuş «Qənbər» mərkəzi, hərəmin mütəvəllisinin birbaşa göstərişi ilə Nəcəfi-Əşrəfin yoxsul bölgələrindəki məktəb partalarının bərpası və təmiri məqsədilə «Atamız Əli» kampaniyasının icrasına başlayıb.
İmam Əli (ə) hərəminin «Qənbər» mərkəzinin rəisi Əhməd əz-Zurqani xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Mərkəzimizin əməkdaşları könüllü təşkilatlarla əlaqəli şəkildə «Atamız Əli» kampaniyasının ilk həftəsində öz fəaliyyətlərinə başlayıblar. Bu kampaniya Nəcəfi-Əşrəfin müxtəlif bölgələrindəki, o cümlədən kənd yerləri, ucqar məntəqələr və şəhər mərkəzindəki məktəblərin partalarının bərpası və təmiri məqsədi daşıyır və müəyyən edilmiş cədvəl üzrə həyata keçirilir.»
Kampaniyanın icrasına nəzarət edən Səfa əl-Kələbi də qeyd edib: «Bu kampaniya üçün lazım olan bütün avadanlıq və ləvazimatlar hazırlaşdırılıb və Nəcəfi-Əşrəf əyalətinin Təhsil İdarəsi ilə koordinasiyadan sonra 14-dən çox könüllü qrup arasında paylanıb ki, bərpa və təmir işlərinə başlanılsın.»
Bu kampaniya artıq altıncı ildir ki, İmam Əli (ə) hərəminin təhsil prosesinə göstərdiyi atalıq qayğısı və himayəsi çərçivəsində keçirilir. Bu təşəbbüs məktəb infrastrukturunun dəstəklənməsi, gücləndirilməsi və şagirdlər üçün münasib təhsil mühitinin yaradılması məqsədi daşıyır.