İmam Əli (ə) hərəmi zəvvarlara və Hüseyni əzadarlara xidmət göstərmək məqsədilə bütün tibb heyətini səfərbər edib.
İmam Əli (ə) hərəminə bağlı həzrət Rəsulül-Əzəm (s) Tibb Mərkəzi imam Hüseynin (ə) şəhadətinin ildönümü mərasimləri və Məhərrəmül-həram ayının ilk ongünlüyü ərzində zəvvarlara və əzadarlara xidmət göstərmək üçün bütün həkim, tibb bacısı və tibb qardaşı heyətini tam hazırlıq vəziyyətinə gətirib.
Mərkəzin direktoru doktor Cavad İsmaili imam Əli (ə) hərəminin xəbər mərkəzinə açıqlamasında bildirib:
«Məhərrəmül-həram ayı üçün hazırlanmış xüsusi tibbi xidmət planı çərçivəsində fəaliyyətimizə ayın ilk günlərindən başlamışıq. Bu proqram imam Əli (ə) hərəminin müxtəlif bölmələri, Nəcəf Əşrəf Səhiyyə İdarəsi və Bağdad Səhiyyə İdarəsi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Layihədə 10-dan çox həkim, 200 nəfərdən artıq tibb qardaşı-tibb bacısı və xidmət işçisi iştirak edir. Bundan əlavə, təxliyə, ilkin tibbi yardımın göstərilməsi və yaralıların müalicə məntəqələri və xəstəxanalara çatdırılması sahəsində təlim keçmiş 125 nəfər hərəm xidmətçisi müxtəlif məntəqələrdə fəaliyyət göstərir.»
O əlavə edib:
«İmam Əli (ə) hərəminin ətrafında sutka ərzində fasiləsiz fəaliyyət göstərən beş tibbi yardım məntəqəsi yaradılıb. Bu məntəqələr bütün zəruri dərman preparatları və tibbi avadanlıqlarla təchiz olunub.
Burada ilkin tibbi yardım və təcili tibbi xidmət göstərilir, zərurət yarandıqda yaralılar vilayətin xəstəxanalarına göndərilir. Eyni zamanda, təcili tibbi nəzarətə ehtiyacı olan xəstələrin vəziyyəti daim izlənilir ki, əzadarların sağlamlığı və təhlükəsizliyi gecə-gündüz təmin olunsun.»
Doktor Cavad İsmaili vurğulayıb ki, qarşıdan gələn Ərbəin ziyarəti zamanı zəvvarlara və əzadarlara tibbi xidmət göstərilməsi üçün bütün hazırlıq işləri və zəruri tədbirlər artıq tam şəkildə başa çatdırılıb.





