İmam Əli (ə) hərəminin rəhbəri, onun müavinləri və müxtəlif şöbələrin məsul şəxslərinin iştirakı ilə müqəddəs hərəmin xidmətçiləri üçün nəzərdə tutulmuş 500-dən artıq yaşayış mənzilinin bölüşdürülməsinə dair püşkatma mərasimi keçirilib. Bu mənzillər Qənbər-2 yaşayış kompleksi layihəsinin ikinci mərhələsi çərçivəsində təqdim olunub.
Mərasim zamanı İmam Əli (ə) hərəminin baş katibi Seyid İsa əl-Xərsan bildirib: “Bu mərhələnin paylanması birinci mərhələnin həyata keçirilməsindən təxminən altı ay sonra baş tutur. Layihə Mühəndislik İşləri şöbəsinin və digər dəstək bölmələrinin geniş əməkdaşlığı sayəsində uğurla tamamlanıb.”
O qeyd edib ki, layihənin icrasında iştirak edən bütün əməkdaşlar onu müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırmağa sadiq qalıblar. Şöbələr arasında mövcud olan koordinasiya və həmrəylik icra prosesində yaranan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayıb və nəticədə layihə vaxtında tamamlanıb.
Seyid İsa əl-Xərsan əlavə edib: “Bu gün, Qurban bayramı ilə eyni vaxta təsadüf edən mərasimdə mənzillərdən faydalanacaq şəxslərin adları elan edildi. Püşkatmanın nəticələri açıqlandıqdan sonra ən geci bir ay ərzində mənzillər qaliblərə təhvil veriləcək.”
O, layihənin əhəmiyyətindən danışaraq vurğulayıb: “Bu layihə imam Əli (ə) hərəminin xidmətçilərinə dəstək göstərmək və onların müqəddəs müqəddəs imam Əli (ə) hərəmindəki xidmətlərinə layiq yaşayış şəraiti təmin etmək məqsədilə həyata keçirdiyi sosial proqramların bir hissəsidir. Həmçinin planlaşdırılır ki, həzrət Əli ibn Əbu Talibin (ə) mövlud günü münasibətilə 700-dən çox mənzil istifadəyə verilsin.”
Qeyd edək ki, Qənbər-2 yaşayış kompleksi imam Əli (ə) hərəminin həyata keçirdiyi ən mühüm sosial və xidmət layihələrindən biri hesab olunur. Layihə müqəddəs hərəmin xidmətçiləri üçün sabit və münasib yaşayış mühitinin yaradılması məqsədilə icra edilir və onların sosial rifahının, mənəvi bağlılığının və ictimai sabitliyinin güclənməsinə xidmət edir.








