İmam Baqir (ələyhissəlam) öz atasından və o da ata-babalarından nəql edir ki, Əmirəlmöminin (ələyhissəlam) Ramazan ayının ilk günündə Kufə məscidində xütbə oxudu. O, Allahı ən gözəl təriflərlə həmd etdi və Peyğəmbəri Məhəmmədə (səlləllahu əleyhi və alih) salavat göndərdi.
Xütbənin məzmunu:
“Ey insanlar! Bu ay elə bir aydır ki, Allah onu digər aylardan üstün etmişdir, necə ki, bizi – Əhli-beyti – digər insanlardan üstün etmişdir. Bu elə bir aydır ki, onda göylərin qapıları və rəhmət qapıları açılır, cəhənnəmin qapıları isə bağlanır. Bu elə bir aydır ki, onda münacat eşidilir, dualar qəbul olunur və göz yaşlarına rəhm edilir.
Bu elə bir aydır ki, onda elə bir gecə vardır ki, mələklər Allahın izni ilə sübhə qədər oruc tutan kişi və qadınlara salam göndərmək üçün enirlər. Bu gecə “Qədr gecəsi”-dir. Adəm (ələyhissəlam) yaradılmazdan iki min il əvvəl bu gecədə mənim vilayətim təqdir edilmişdir. Bu gecədə oruc tutmaq min ay oruc tutmaqdan daha üstündür və onda edilən əməl min ayda edilən əməldən daha fəzilətlidir.
Ey insanlar! Ramazan ayının günəşi oruc tutanlara rəhmətlə doğur, ayı da onlara rəhmətlə nur saçır. Bu ayın heç bir günü və gecəsi yoxdur ki, Allah-Taala bu ümmətin üzərinə xeyir nazil etməsin. Kim bu ilahi nemətdən bir zərrə belə bəhrələnsə, Allahla görüş günü Onun yanında hörmətli olar. Allah yanında hörmətli olan hər kəsin yeri Cənnət olar.
Ey Allahın bəndələri! Sizin bu ayınız digər aylara bənzəmir. Onun günləri ən fəzilətli günlərdir, gecələri ən fəzilətli gecələrdir, saatları isə ən fəzilətli saatlardır. Bu elə bir aydır ki, şeytanlar zəncirlənir, Allah-Taala bu ayda ruziləri və ömürləri artırır, Öz evinin qonaqlarını yazır və möminləri bağışlanma, ilahi razılıq, sevinc və nemətlərlə, ədalətli və qüdrətli Rəbbin razılığı ilə qəbul edir.
Ey oruc tutan! Öz halını diqqətlə yoxla; sən bu ayda Rəbbinin qonağısan. Gecə və gündüzün necə keçdiyinə bax və bədən üzvlərini Allahın itaətsizliyindən qorumağa diqqət et. Qorx ki, gecəni yuxuda, gündüzü qafillikdə keçirəsən və bu ay səndən keçib getsin, amma günah yükün hələ də üzərində qalsın; sonra oruc tutanlar mükafatlarını alarkən sən ziyana uğrayanlardan olasan, Allahın kəramətinə çatarkən sən məhrum qalasan, Onun qonşuluğuna nail olarkən sən qovulanlardan olasan.
Ey oruc tutan! Əgər Rəbbinin qapısından qovulsan, hansı qapıya gedəcəksən? Əgər Rəbbin səni məhrum etsə, sənə ruzi verən kimdir? Əgər O səni xar etsə, səni kim izzətləndirəcək? Əgər O səni tək buraxsa, kim sənə kömək edəcək? Əgər O səni Öz bəndələri arasında qəbul etməsə, sən ibadətini kimə təqdim edəcəksən? Əgər O sənin günahını bağışlamasa, bağışlanma üçün kimə ümid bağlayacaqsan? Əgər O səndən haqqını tələb etsə, sənin bəhanən nə olacaq?”
Ey oruc tutan! Gecə və gündüzündə Allahın kitabını tilavət etməklə Ona yaxınlaş. Həqiqətən, Allahın Kitabı Qiyamət günü Quran oxuyanlar üçün şəfaəti qəbul olunan bir şəfaətçidir və onun ayələrini oxumaqla Cənnətin dərəcələrində yüksələr.
Müjdə olsun sənə, ey oruc tutan! Sən elə bir aydasan ki, onda oruc tutmağın vacibdir, nəfəs almağın təsbeh sayılır, yuxun ibadət sayılır, itaətin qəbul olunur, günahların bağışlanır, səslərin eşidilir və münacatın rəhmə layiq görülür. Sevimlim Allah Rəsulundan eşitdim ki, buyururdu:
Allah-Təala Ramazan ayının hər gecəsi iftar vaxtı oddan azad etdiyi bəndələrə malikdir ki, onların sayını Allahdan başqa heç kəs bilmir; onların sayı Onun qeyb elmindədir. Bu ayın son gecəsi gəldikdə isə Allah bu ay boyunca azad etdiyi bütün şəxslərin sayı qədər yenə azad edər.
Həmdan qəbiləsindən bir kişi qalxıb dedi:
— Ey Əmirəlmöminin! Sənin sevimlinin Ramazan ayı haqqında buyurduqlarından daha çox danış.
Buyurdu:
— Olar! Qardaşım və əmim oğlu olan Allah Rəsulundan eşitdim ki, buyururdu:
“Hər kəs Ramazan ayını oruc tutsa və bu ayda özünü haramlardan qoruya bilsə, Cənnətə daxil olar.”
Həmdani kişi dedi:
— Ey Əmirəlmöminin! Qardaşın və əmioğlunun Ramazan barədə buyurduqlarından daha çox danış.
Buyurdu:
— Olar! Dostum Allah Rəsulundan eşitdim ki, buyururdu:
“Hər kəs imanla və ilahi savab ümidi ilə Ramazan ayını oruc tutsa, Cənnətə daxil olar.”
Həmdani kişi dedi:
— Ey Əmirəlmöminin! Dostunun bu ay haqqında buyurduqlarından daha çox danış.
Buyurdu:
— Olar! Əvvəllərin və axırların ağası olan Allah Rəsulundan eşitdim ki, buyururdu:
“Hər kəs Ramazan ayını oruc tutsa və gecələrində haram yeməsə, Cənnətə daxil olar.”
Həmdani kişi dedi:
— Ey Əmirəlmöminin! Əvvəllərin və axırların ağasının bu ay barədə sənə dediklərindən daha çox danış.
Buyurdu:
— Olar! Peyğəmbərlərin və elçilərin, həmçinin müqərrəb mələklərin ən fəzilətlisindən eşitdim ki, buyururdu:
“Şübhəsiz, vəsilərin ağası ayların ağasında öldürüləcək.”
Mən dedim:
— Ey Allahın Rəsulu! Ayların ağası hansıdır və vəsilərin ağası kimdir?
Buyurdu:
— Ayların ağası Ramazan ayıdır, vəsilərin ağası isə sənsən, ey Əli!
Dedim:
— Ey Allahın Rəsulu! Bu baş verəcəkmi?
Buyurdu:
— Bəli, Rəbbimə and olsun! Ümmətimin ən bədbəxti – Səmudun dəvəsini kəsən şəxsin bənzəri – qalxacaq və başına elə bir zərbə vuracaq ki, saqqalın onun qanı ilə boyanacaq.
Bundan sonra insanlar ağlamağa və fəryad etməyə başladılar. Əmirəlmöminin Əli (əleyhissəlam) isə xütbəsini tamamlayaraq minbərdən endi.
Mənbələr:
Fəzail əl-əşhər əs-sələsə, Şeyx Səduq, s.108
Kitab Mah Allah, c.1, s.176