Bu xütbədə İmam Əli (ə) öz tərəfdarlarının haqq qarşısında parçalanması və düşmənin batildə birləşməsi barədə danışır, həmçinin onlar üçün məhv və özünə isə daha yaxşı yardımçılar istəyir.
İmam Əliyə (ə) mütəmadi xəbərlər çatırdı ki, Müaviyə tərəfdarları bəzi bölgələri ələ keçirmişdir. “Übeydullah ibn Abbas” və “Səid ibn Nüman” – Yəməndə İmamın (ə) təyin etdiyi valilər – “Büsr ibn Əbi Ərtat”-ın hücumu nəticəsində məğlub olub İmamın (ə) yanına qayıtmışdılar.
İmam Əli (ə) öz səhabələrini cihadda süstlük göstərdiklərinə və əmrlərinə itaətsizliklərinə görə məzəmmət etmək üçün minbərə qalxaraq belə buyurdu:
«Həqiqətən, sizin bu tutduğunuz yol ilə mənim əlimdə Kufədən başqa heç nə qalmayıb; onu da istəsəm açaram, istəsəm bağlayaram!
Ey Kufə! Əgər sən tək mənim düşmənə qarşı sərmayəm olsan belə, bu qədər fitnə-fəsadla üz-üzə qalmaqdan çirkin olasan (səni istəmirəm).
Mənə xəbər çatıb ki, Büsr Yəməni ələ keçirib. Allaha and olsun, bilirdim ki, onlar tezliklə sizə qalib gələcəklər; çünki onlar batil yolunda birləşirlər, siz isə haqq yolunda parçalanırsınız.
Siz rəhbərinizə itaətsizlik edirsiniz, onlar isə batildə öz rəhbərlərinə tabe olurlar; onlar əmanəti qoruyur, siz isə xəyanət edirsiniz; onlar öz şəhərlərini islah edir, siz isə fəsad törədirsiniz.
Əgər mən bir qabı sizə əmanət versəm, qorxaram ki, onun ipini də oğurlayasınız.
Allahım! (o qədər çox nəsihət edib öyüd verdim ki) onları yorub bezdirdim, onlar da məni yorub bezdirdilər. Mən onları usanmış etdim, onlar da məni usanmış etdilər. Onların yerinə mənə daha yaxşı insanlar nəsib et, mənim yerimə isə onlara daha pisini hakim et.
Allahım! Onların qəlblərini duzun suda əriyib yox olduğu kimi əridib yox et!
Allaha and olsun, istərdim ki, sizin yerinizə Bəni Firas ibn Ğanmdan min süvari mənim yanımda olsun ki, düşmənlərə qarşı dayansınlar…» Sonra İmam (ə) minbərdən endi.