Most searched:

Əli (ə)

Əli (ə) ailəsinin abidi – tarixdən üstün bir xanım

Həzrət Zeynəb (s.ə), qadın simasında Heydər Kərrarın özüdür; o, uca məqamlı Əmirəlmöminin Əlinin (ə) şəxsiyyətinin kamil aynası və atasının zinəti olan bir qız idi.

Səbir və dözüm simvolu olan həzrət Zeynəb (s.ə) Əmirəlmöminin Əli (ə) və həzrət Zəhranın (s.ə) üçüncü övladı idi. O, hicri 62-ci ilin Rəcəb ayının 15-də haqq diyarına qovuşdu. Bəni-Haşim nəslindən olan bu xanım təkcə qadınlar arasında deyil, hətta dünya kişiləri arasında belə nadir nümunə sayılır.

O, mübarək ömrü boyu Mövla Əmirəlmömininin birbaşa tərbiyəsi və diqqəti altında böyümüş, Əli kimi yaşamışdır. Aşura hadisəsi zamanı onun şücaəti, fəsahəti və bəlağətli nitqi göstərir ki, həzrət Zeynəb (s.ə) Əlinin dili, Hüseynin isə missiyasını daşıyan bir şəxs idi.

Ravi (hədis nəql edən)

Həzrət Zeynəb (s.ə) Əmirəlmöminindən hədis nəql edən ravilərdən biridir. O, Peyğəmbərin (s) sağlığında dünyaya gəlmiş və hicri 62-ci ildə Yezid ibn Müaviyənin xilafəti dövründə vəfat etmişdir. Onun kunyələri arasında Ümmü Abdullah, Ümmül-Həsən, Ümmü Gülsüm, Ümmül-Məsayib, Ümmür-Rəzaya və Ümmün-Nəvaib qeyd olunur. [1] [2]

Onun mübarək adı Cəbrail tərəfindən Peyğəmbərə təqdim edilmiş və Peyğəmbər (s) buyurmuşdur:
“Burada olanlara və olmayanlara vəsiyyət edirəm ki, bu qızın hörmətini qorusunlar. Onun məqamı Xədicəyi-Kübra kimidir.” [3]

Tövhid əhli

Bir gün həzrət Zeynəb (s.ə) uşaq ikən atasının dizində oturmuşdu və Əmirəlmömininlə söhbət edirdi. Atasından soruşdu:
“Allahı sevirsinizmi?”

İmam buyurdu: “Allahı sevməmək mümkündürmü? Allahın bəndəsi və dostu olmayan insan deyil.”

Zeynəb (s.ə) soruşdu: “Bəs bizi də sevirsiniz?”

İmam buyurdu: “İnsan övladlarını necə sevməsin? Onlar da Allahın bəndələridir.”

Zeynəb (s.ə) soruşdu: “Bəs iki sevgi bir qəlbdə necə yerləşir?” Sonra atasının icazəsi ilə özü cavab verdi:
“Siz yalnız Allahı sevirsiniz və bütün sevgilər Allah üçündür. Bizi sevirsinizsə, bu da Allah xatirinə və Onun əmri yolundadır.”

Bu sözlər onun dərin tövhid baxışını və ilahi tərbiyəsini açıq göstərir.

İbadə əhli

Həzrət Zeynəb (s.ə) həyatının heç bir dövründə ibadəti tərk etməmişdir. O qədər ibadətə bağlı idi ki, “Ali-Əlinin abidəsi” adını almışdır. Hətta Kərbəla müsibətinin ən ağır gecələrində – Məhərrəmin 10 və 11-ci gecələrində belə gecə ibadətini tərk etməmişdir. [4]

İmam Hüseynin (ə) qızı Fatimə belə nəql edir:
“Aşura gecəsi bibim davamlı ibadətdə idi, namaz qılır, dua edir və göz yaşları dayanmadan axırdı.”

Aşura günü vida anında İmam Hüseyn (ə) bacısına buyurdu:
“Ey bacım! Məni gecə namazlarında unutma.” [5]

Xitabət ustadı

Həzrət Zeynəbin (s.ə) Kufədə və Yezidin sarayında etdiyi çıxışlar Qurana əsaslanan dərin elm və ilahi bəsirətindən xəbər verir. Onun Ubeydullah ibn Ziyad ilə dialoqları Əmirəlmöminin Əlinin xütbələrinə və anası həzrət Zəhranın Fədək xütbəsinə bənzəyir.

Kufədə etdiyi çıxış zamanı ağlayan bir qoca dedi:
“Atam-anam onlara fəda olsun! Onların qocaları ən yaxşı qocalar, uşaqları ən yaxşı uşaqlar, qadınları ən üstün qadınlar, nəsilləri isə bütün nəsillərdən üstündür.”

Həmçinin həzrət Zəhranın (s.ə) Fədək xütbəsi – İbn Abbas kimi böyük alim tərəfindən – həzrət Zeynəbdən (s.ə) nəql edilmişdir. Bu zaman o, hələ təxminən yeddi yaşında və ya daha kiçik idi.

Müəllim

Həzrət Zeynəb (s.ə) Əmirəlmöminin Əlinin (ə) həyatda olduğu dövrdə Kufə qadınları üçün Qurani-Kərimin təfsirini təqdim edirdi. Qadınlar dini hökmləri öyrənmək üçün onun yanına gəlir, ondan hədislər öyrənirdilər. Bu səbəbdən ona “Əqileyi Bəni-Haşim” deyirdilər.

İmam Səccad (ə) onun haqqında buyurmuşdur:
“Ənti bi-həmdilləh alimətun ğeyrə mualləmə və fəhimətun ğeyrə mufəhhəmə; ey Zeynəb! Sən, Allaha həmd olsun ki, heç kimdən dərs almadan alim və heç kimdən öyrənmədən anlayışlısan.” [6]

Ümmül-məsayib

Həzrət Zeynəb (s.ə) həyatında çox ağır müsibətlər görmüşdür. O, babası Peyğəmbərin (s) vəfatını, anası həzrət Zəhranın (s.ə) əzablarını və şəhadətini, atası Əmirəlmömininin (ə) şəhadətini, qardaşı imam Həsənin (ə) şəhadətini və nəhayət Kərbəla müsibətini yaşamışdır. O, qardaşı Seyyidüş-şühədanın (ə), qardaşlarının və övladlarının şəhadətinə şahid olmuş, düşmənin çadırlara hücumunu və Əhli-beytin əsir aparılmasını görmüşdür. Buna görə ona “Ümmül-məsayib” (müsibətlər anası) ləqəbi verilmişdir.

Mütəfəkkir

Əhli-sünnə alimlərindən Şeyx İzzəddin, İbn Əsir Cəzri kimi tanınan alim yazır:
“Zeynəb, Əli ibn Əbi Talibin qızı idi, anası Peyğəmbərin qızı Fatimə idi. O, Peyğəmbərin dövründə dünyaya gəlmiş və onun həyatının bir hissəsini görmüşdür. Zeynəb yüksək düşüncə gücünə malik mütəfəkkir və alim xanım idi. Kərbəla hadisəsində qardaşı Hüseyn ibn Əli ilə birlikdə idi. Onun şəhadətindən sonra əsirlərlə birlikdə Şama aparıldı və Yezid ibn Müaviyənin qarşısında mənalı və təsirli xütbə söylədi. Bu xütbə onun dərin ağlını və güclü qəlbini göstərir.” [7]

Sünni alim Məhəmməd Fərid Vəcdi yazır:
“Zeynəb, Əli ibn Əbi Talibin qızı, fəzilətli və böyük qadınlardan idi. O, Kərbəla hadisəsində qardaşı Hüseyn ibn Əli ilə birlikdə olmuş, Yezidin əmri ilə əsir aparılmış və Şamda onun qarşısında möhtəşəm xütbə söyləmişdir.” [8]

Misirli yazıçı Məhəmməd Qalib Şafii isə yazır:
“Əhli-beytin ən böyük qadınlarından biri, böyük ruha və yüksək təqvaya sahib olan Həzrət Zeynəb, Əli ibn Əbi Talibin qızı idi. O, elə tərbiyə olunmuşdu ki, nübüvvət ailəsinin elmindən bəhrələnmiş, fəsahət və bəlağətdə Allahın böyük nişanələrindən biri olmuşdu. Həlimlik, səxavət, bəsirət və tədbirdə Bəni-Haşim arasında və hətta ərəblər içində məşhur idi. Gecələri ibadətdə keçirər, gündüzləri oruc tutardı.” [9]

Bu böyük xanımın fəzilətləri o qədər genişdir ki, qələm onları tam ifadə etməkdə acizdir. Bu yazı yalnız onun uca məqamının kiçik bir hissəsini təqdim edir.

Həzrət Zeynəbin (s.ə) vəfat tarixi barədə ixtilaf olsa da, məşhur görüşə görə o, hicri 62-ci ilin Rəcəb ayının 15-də, Kərbəla müsibətlərindən və əsirlik əzablarından sonra 57 yaşında Dəməşqdə vəfat etmişdir. [10]

“Bəhrül-məsayib” kitabında qeyd olunur:
“Həzrət Zeynəb (s.ə) Kərbəla hadisəsindən və Şam əzablarından sonra o qədər ağladı ki, beli büküldü, saçları ağardı və sonra haqq dünyasına qovuşdu.” [11]

Mənbələr

  1. Hövzə portalı – jurnallar, Hədis elmləri rüblük jurnalı, №12,“Əmirəlmömininin (ə) hədislərini rəvayət edən qadınlar”.
  2. Rəyahinüş-şəriə, c. 3, s. 64.
  3. Həmin mənbə, s. 38.
  4. Cəfər Nəqdi, Zeynəb Kübra bintül-İmam, s. 61.
  5. Feyzül-İslam, Xatun Dosra, s. 185.
  6. Biharül-ənvar, c. 45, s. 164.
  7. Zeynəbül-Kübra, Əllamə Cəfər Nəqdi, s. 18–19.
  8. Əsədül-ğabə fi mərifətis-səhəbə, İbn Əsir, c. 7, № 6961.
  9. Dairətül-məarif əl-qərn əl-işrin, c. 4, s. 795–796.
  10. Seyid Məhəmməd Kazım Qəzvini, Zeynəbül-Kübra (s.ə) minəl-məhdi iləl-ləhd, s. 591.
  11. Cəfər ibn Sultan Əhməd Təbrizi, Bəhrül-məsāib, s. 253.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir