Most searched:

Günəşin qaytarılması

Günəşin qaytarılması – Əmirəlmömininin (ə) misilsiz fəziləti

Şəvval ayının 15-ci günü, “Rəddüş-şəms möcüzəsi” ilə uyğun gəlir. İraqın Hillə şəhərinin şimalında “Məşhədüş-şəms” və ya “Məşhədi-Rəddüş-şəms” adlı ziyarətgah mövcuddur. Şiə etiqadına görə bu məkan Əmirəlmöminin (ə) dövründə bu möcüzənin baş verdiyi yerdir.

İslam tarixində Əhli-beytdən çoxsaylı möcüzələr nəql edilmişdir. Onların ən məşhurlarından biri günəşin Əmirəlmöminin (ə) üçün geri qaytarılmasıdır ki, buna “Rəddüş-şəms” deyilir. Bu hadisə iki dəfə – bir dəfə Peyğəmbərin (s) dövründə, ikinci dəfə isə Həzrətin xilafəti dövründə baş vermişdir.

Əmirəlmömininin (ə) dövründə Günəşin qaytarılması

Bu hadisə Peyğəmbərin (s) şəhadətindən sonra, Əmirəlmömininin (ə) Babil bölgəsində olduğu vaxt, Nəhrəvan döyüşündən qayıdarkən Fərat çayını keçmək istədiyi zaman baş verdi.

Nəhrəvan döyüşündən qayıdış

İmam Baqir (ə) İmam Səccaddan (ə), o isə İmam Hüseyndən (ə) nəql edir:

Əmirəlmöminin (ə) Nəhrəvan döyüşündən qayıdarkən “Burasa” adlı yerdə dayandı və camaatla birlikdə zöhr namazını qıldı. Sonra hərəkət edib əsr vaxtına yaxın Babil torpağına çatdılar.

Müsəlmanlar dedilər:
“Ey Əmirəlmöminin! İndi əsr namazının vaxtıdır.”

Həzrət buyurdu:
“Bura alçaq və nəhs torpaqdır. Allah bu yerin əhalisini 3 dəfə yerə batırıb və 4-cü dəfəni gözləyir. Peyğəmbərin vəsisinə belə yerdə namaz qılmaq yaraşmaz. İstəyən burada namazını qıla bilər.”

Münafiqlər dedilər: “Özü namaz qılmır, amma namaz qılanları öldürür!”

Cüveyriyə ibn Müsəhhər deyir: Öz-özümə dedim ki, Həzrət namaz qılmayınca mən də qılmayacağam. Bu günün əsr namazını nəvaxt qılmağımı onun ğhdəsinə qoyuram. Təxminən 100 nəfər süvari ilə Həzrətin ardınca getdik.

Babil torpağından çıxdıqda günəş artıq batmaq üzrə idi. Bir az sonra günəş tam batdı və üfüq qızardı.

Həzrət buyurdu:
“Cüveyriyə, su gətir.”

Dəstəmaz aldı və buyurdu:
“Azan ver.”

Dedim: “Məğrib vaxtı hələ çatmayıb.”
Buyurdu: “Əsr namazının azanını de.”

Azan və iqamə deyildi. Həzrətin dodaqları tərpənirdi, lakin nə dediyini anlamırdım. Birdən gördüm ki, günəş qərbdən yenidən qalxaraq əsr vaxtına çatdı və orada dayandı.

Həzrət qalxıb əsr namazını qıldı. Namaz bitən kimi günəş yenidən batdı və ulduzlar göründü.

Sonra buyurdu:
“İndi məğrib namazı üçün azan ver!” [1]

Şeyx Səduqun nəqli

Şeyx Səduq Cüveyriyə ibn Müsəhhərdən nəql edir:

Nəhrəvan  döyüşündən sonra Babilə çatdıq. Həzrət buyurdu:
“Bu torpaq lənətlənmişdir. Tarix boyu 3 dəfə əzab nazil olub. Bura ilk bütpərəstlik edilən yerlərdəndir. Peyğəmbərə və onun vəsisinə burada namaz qılmaq yaraşmaz.”

Camaat dağılıb namaz qıldı, amma Həzrət yoluna davam etdi. Günəş batdı. Mən tərəddüd etdim. Həzrət buyurdu:
“Cüveyriyə, tərəddüd etdin?”
Dedim: “Bəli.”

Həzrət dua etdi. Günəş iki dağın arasından yenidən qalxdı. Həzrət əsr namazını qıldı, sonra yenidən gecə oldu.

Sonra buyurdu:
“Allah buyurur: Fəsəbbih bismi Rabbikəl-əzim. Mən Rəbbimi ism-əzəmi ilə çağırdım və O, günəşi mənə qaytardı.”

Cüveyriyə dedi:
“Allaha and olsun, o Peyğəmbərin həqiqi vəsisidir.” [2]

Seyyid Rəzinin “Günəşin qaytarılması” hadisəsi barədə rəvayəti

Seyyid Rəzi öz sənədi ilə Cüveyriyə ibn Müsəhhərdən belə nəql edir:

Bir gün axşamüstü Əmirəl-möminin (ə) ilə birlikdə “Sərah” körpüsündən keçirdik. Həzrət buyurdu: “Bu torpaqda ilahi əzab nazil olmuşdur. Peyğəmbər və onun canişini üçün burada namaz qılmaq münasib deyil. Kim istəsə, namazını qılsın.”

Cüveyriyə deyir: İnsanlar sağa-sola dağılıb namaza dayandılar. Öz-özümə dedim: “Dinimi bu kişiyə tapşırıram; o namaz qılmayınca mən də qılmayacağam.” Beləliklə, Həzrətlə yolumuza davam etdik. Günəş tədricən qərbə doğru gedirdi və mən nigaran qalırdım; nəhayət günəş tam batdı və biz həmin ərazidən keçib çıxdıq.

Cüveyriyə davam edir: Bu vaxt Həzrət mənə buyurdu: “Ey Cüveyriyə, azan de.” Öz-özümə dedim: “Azan? Halbuki günəş artıq batıb!” Lakin əmrinə itaət edib azan dedim. Buyurdu: “İqamə de.” İqaməyə başladım. “Qəd qamətis-salat”a çatanda gördüm ki, Həzrətin dodaqları tərpənir və sanki ivrit dilinə bənzər sözlər deyir.

Birdən günəş geri qayıdıb yüksəldi və yenidən əsr namazının vaxtına çatdı. Həzrət əsr namazını qıldı, mən də onunla birlikdə namaz qıldım. Namaz bitdikdən sonra yenidən aşağı enən günəşdən sanki dən üyüdən dəyirman daşına bənzər bir səs eşitdim. Sonra günəş batdı və ulduzlar göründü.

Cüveyriyə deyir: Bu hadisəni gördükdən sonra Həzrətə dedim:
“Şəhadət verirəm ki, sən Allah Rəsulunun (s) həqiqi canişinisən.”

İbn Şəhr Aşubun “Günəşin qaytarılması” hadisəsi barədə rəvayəti

İbn Şəhr Aşub da Cüveyriyə ibn Müsəhhərdən belə nəql edir:

Öz-özümə düşündüm: “Bu gün dinimi ona tapşırıram.” Həzrətlə yolumuza davam etdik. Günəş batdı, ulduzlar göründü və məğrib vaxtı daxil oldu. Babil torpağını keçdikdən sonra Həzrət qatırdan endi və onun dırnağındakı torpağı təmizlədi. Sonra mənə buyurdu: “Sən də miniyinin dırnağını təmizlə.” Mən də itaət etdim.

Sonra buyurdu: “Ey Cüveyriyə, əsr namazı üçün azan de.”
Öz-özümə dedim: “Vay halına, Cüveyriyə! Gün bitib, gecə gəlib!” Buna baxmayaraq azan dedim. Birdən günəş geri qayıtdı; sanki çarxın hərəkət səsinə bənzər bir səslə yüksəldi və əsr vaxtının mövqeyində parlaq şəkildə dayandı. Həzrət əsr namazını qıldı.

Sonra buyurdu: “Ey Cüveyriyə, məğrib namazı üçün azan de.” Azan dedim və gördüm ki, günəş azğın bir at kimi aşağı enib batdı. Məğrib namazını qıldıq. Sonra buyurdu: “İşa namazı üçün azan de.” Azan dedim və işa namazını da qıldıq.

Namazdan sonra öz-özümə üç dəfə dedim:
“Kaəbənin Rəbbinə and olsun ki, o, Məhəmmədin vəsisidir! Ona qarşı çıxan hər kəs azmış, kafir olmuş və həlak olmuşdur.”

Şura hadisəsində Əmirəl-mömininin “Günəşin qaytarılması” möcüzəsinə istinadı

Əmirəl-möminin (ə) altı nəfərlik şura qarşısında buyurmuşdur:
“Sizi Allaha and verirəm! Aranızda məndən başqa elə bir şəxs varmı ki, günəş onun üçün batdıqdan sonra geri qaytarılmış olsun ki, əsr namazını qılsın?” Hamısı cavab verdi: “Xeyr.”

Bu, hadisənin Peyğəmbərin səhabələri arasında məşhur olduğunu göstərir.

Mötəbər ziyarətlərdə “Günəşin qaytarılması”

Günəşin geri qaytarılması möcüzəsi Əmirəl-mömininin (ə) böyük fəzilətlərindən biri sayılır. Mötəbər ziyarətlərdə də belə qeyd olunur:

“Salam olsun o kəsə ki, günəş qərb üfüqündə gizləndikdən sonra onun üçün geri qaytarıldı.”

Həmçinin 17 Rəbiül-əvvəl ziyarətində belə deyilir:
“Salam olsun sənə, ey günəşin onun üçün geri qaytarıldığı şəxs.”

Bu hadisə Həzrətin Allah yanında yüksək məqamını göstərməklə yanaşı, onun Peyğəmbərin (s) həqiqi canişini olmasına dəlil kimi təqdim olunur.

Mənbələr

[1] Uyun əl-mocizat, səh. 7.
[2] Man la yaḥḍuruhu əl-faqih, c. 1, səh. 130.
[3]
Xəsaisul-Əimmə, səh. 56.
[4]
Əl-Saqib əl-Mənaqib, səh. 253
[5] Manaqibu Xarəzmi,
səh. 217; Faraid al-simṭayn (Həmuyni), c. 1, səh. 319, h. 251; Əl-Ṣəvaiqu əl-Muhqiqə (İbn Həcər), səh. 75; Şərḥ Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c. 2, səh. 61
[6] Əmirəl-mömininin (ə) yeddinci ziyarəti.

 

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir