Həcc mərasimindən sonra bir qrup xəvaric toplaşaraq Əmirəlmöminini (ə), Müaviyəni və Əmr ibn Ası öldürmək barədə and içdilər. İbn Mülcim Əmirəlmöminini (ələyhis-salam) öldürməyi öz üzərinə götürdü. Ramazanın 19-cu gecəsi Əmirəlmöminin (ələyhis-salam) qızı Ümmü Gülsümün evində qonaq idi.
Mövlanın halı
Ramazanın 19-cu gecəsi Əmirəlmöminin (ələyhis-salam) davamlı olaraq evdən çıxır, yenidən qayıdır, göyə baxır, yalvarış və göz yaşı ilə “Yasin” surəsini tilavət edir və belə buyururdu: “İlahi, ölümü mənim üçün bərəkətli et.”
Sonra “İnnə lillahi və innə iləyhi raciun” deyir, “La həvlə və la qüvvətə illa billəhil-əliyyil-əzim” zikrini çox təkrar edir, salavat göndərir və istiğfar edirdi.
İbn Şəhrəşub və başqaları rəvayət ediblər ki, o Həzrət həmin gecə səhərə qədər oyaq idi və adətinin əksinə olaraq gecə namazı üçün evdən çıxmamışdı.
Rəvayət olunur ki, göyə baxaraq belə buyururdu: “Allaha and olsun ki, yalan danışmıram və mənə yalan deyilməyib; bu, mənə şəhadət vəd edilən gecədir.”
Atadan bir xahiş
Ümmü Gülsüm belə nəql edir: “Ramazanın 19-cu gecəsi atam evə gəldi və namaza durdu. İftar üçün iki arpa çörəyi, bir kasa süd və bir qədər duzdan ibarət süfrə hazırladım.
Namazdan sonra süfrəyə baxanda ağladı və buyurdu: Qızım, mənim üçün bir süfrədə iki yemək hazırlamısan? Məgər bilmirsən ki, mən qardaşım və əmim oğlu Allahın Rəsuluna tabe oluram? Qızım, dünyada yeməyi və geyimi daha yaxşı olanın Qiyamətdə Allah qarşısında dayanması daha uzun olacaq. Dünyanın halalı hesaba çəkilər, haramı isə əzabdır.
Sonra Peyğəmbərin zühd və sadə həyatını xatırladaraq buyurdu: Allaha and olsun, bu iki yeməkdən birini götürməyincə iftar etməyəcəyəm.
Mən südü götürdüm. O Həzrət arpa çörəyindən bir qədər duzla yedi, Allaha həmd etdi və yenidən namaza durdu, uzun müddət rüku və səcdədə dua edərək yalvardı.
Ümmü Gülsüm dedi: “Ey ata, bu gecə niyə oyaqsınız və niyə nigaransınız?”
Buyurdu: “Səhər şəhid olacağam.”
O dedi: “Cədə ibn Hubeyrəyə deyin məscidə getsin və sizin yerinizə namaz qıldırsın.”
Buyurdu: “İlahi qəzadan qaçmaq olmaz” və məscidə getməyə hazırlaşdı.
Ördəklərin naləsi
Sübh açılarkən müəzzin İbn Nəbah azan verdi. Həzrət məscidə getmək üçün qalxdı. Qapıya çatanda ördəklər qarşısına çıxıb çırpınaraq səs saldılar. Onları uzaqlaşdırmaq istədikdə buyurdu: “Onları buraxın; indi fəryad edirlər, məndən sonra isə matəm tutacaqlar.”
Ümmü Gülsüm (və ya başqa rəvayətə görə İmam Həsən) dedi: “Ey ata, niyə bədbinlik edirsiniz?” Buyurdu: “Bədbinlik etmirəm, qəlbim şəhadətimi xəbər verir.”
Sonra ördəklərə baxmağı qızına tapşırdı və buyurdu: “Onları ac və susuz qoyma; yemək ver, su içirt. Əgər istəmirsənsə, burax gedib torpaqdan yesinlər.”
Qapıdan çıxarkən qapının qarmağı kəmərinə ilişdi. Kəmərini bağladı və bu şeiri oxudu:
“Kəmərini ölüm üçün möhkəm bağla, çünki ölüm səninlə görüşəcək.
Ölüm evinə gəldikdə qorxma.
Dünya sənə üz tutsa belə aldanma;
Necə ki səni güldürüb, eləcə də ağladacaq.”
Sonra dedi:
“İlahi, ölümü mənə mübarək et və Özünlə görüşü mənə xeyirli et.”
Ümmü Gülsüm fəryad etdi. İmam Həsən atasının ardınca çıxdı və dedi: “Səninlə gəlmək istəyirəm.”
Həzrət buyurdu: “Səni boynunda olan haqqıma and verirəm, geri qayıt.”
İmam Həsən (ələyhis-salam) evə qayıtdı və atalarından gördükləri hallar və eşitdikləri sözlərə görə Ümmü Gülsüm ilə birlikdə kədərli və qəmgin idilər. (3)
Mövlanın son azanı
Əmirəlmöminin (ələyhis-salam) məscidə daxil oldu, lakin məscidin çıraqları sönmüşdü. O Həzrət qaranlıqda bir neçə rəkət namaz qıldı və bir müddət təqibatla məşğul oldu. Sonra məscidin damına qalxıb azan verdi. O azan deyərkən Kufədə elə bir ev yox idi ki, azanın səsi ora çatmasın. Sonra minarədən endi, salavat göndərərək bu beytləri oxudu:
“Allah yolunda cihad edən möminin yolunu açın, o yalnız Tək olan Allaha ibadət edir və insanları məscidlərə gəlmək üçün oyadır.” (4)
İbn Mülcimi oyatması
Sonra məscidin həyətinə gəlib “Əs-salət, əs-salət” deyə insanları namaza oyadırdı. Lənətlənmiş İbn Mülcim isə bütün gecəni o böyük cinayət barədə düşünərək oyaq qalmışdı. O, yatanların arasında qarnı üstə uzanmış və zəhərli qılıncını paltarının altında gizlətmişdi.
Əmirəlmöminin (ələyhis-salam) ona çatanda buyurdu: “Namaza qalx və belə yatma; bu şeytanların yatışıdır. Sağ tərəfə yat – bu möminlərin yatışıdır; sol tərəfə yat – bu hikmət sahiblərinin yatışıdır; arxası üstə yat – bu peyğəmbərlərin yatışıdır.”
Sonra buyurdu: “Elə bir iş görmək istəyirsən ki, vaxtı yaxındır; onun nəticəsindən göylər dağılacaq, yer yarılacaq, dağlar uçacaq. İstəsəm, paltarının altında nə gizlətdiyini deyərəm.”
Sonra onun yanından keçib mehraba getdi və namaza durdu. (5)
“Fuztu və rabbil-Kəbə”
İbn Mülcim eşitmişdi ki, ümmətin ən bədbəxti Əmirəlmöminini (ələyhis-salam) şəhid edəcək. Bəzən Qutama deyirdi ki, qorxuram o şəxs mən olum və istəyimə də çatmayım. O gecə səhərə qədər bu iş barədə düşündü və nəhayət, bədbəxtliyi qalib gəldi. Qılıncını götürüb mehrab yaxınlığındakı sütunun yanında gizləndi; Vərdan və Şəbib də bir küncdə gizləndilər.
Əmirəlmöminin (ələyhis-salam) birinci rəkətdə səcdədən baş qaldıranda əvvəl Şəbib hücum edib qışqırdı: “Lilləhil-hukm ya Əli! Hökm yalnız Allaha məxsusdur!”
Qılıncını çəkdi, lakin zərbə səhv düşdü.
Sonra İbn Mülcim irəli gəldi və qılıncı Həzrətin başına endirdi. Zərbə Əmr ibn Əbdəvudun qılıncla vurduğu hissəyə dəydi və qələnzən zərbəsi başını yardı.
Əmirəlmöminin (ələyhis-salam) buyurdu: “Bismilləh və billəh və əla milləti Rəsulillah. Fuztu və rabbil-Kəbə – Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım.” (6)
Qatilin tanıdılması
Əmirəlmöminin (ələyhis-salam) buyurdu: “Yəhudi qadının oğlu İbn Mülcim məni öldürdü, onu tutun!”
Məscid əhli onu tutdu. İnsanlar mehraba qaçdılar və gördülər ki, Həzrət mehrabda yerə yıxılıb, başı yarılıb, torpaq götürüb yarasına səpir və bu ayəni oxuyur: “Biz sizi torpaqdan yaratdıq, yenə ona qaytaracağıq və bir daha ondan çıxaracağıq.” (7)
Allah və Peyğəmbərin vədəsinin gerçəkləşməsi
İnsanlar gördülər ki, başından axan qan mübarək saqqalını boyayıb. O buyurdu:
“Bu, Allahın və Rəsulunun bizə vəd etdiyidir.” (8)
Cəbrailin nidası
Cəbrail göy ilə yer arasında nida etdi: “Hidayətin sütunları dağıldı, təqvanın nişanələri yox oldu, möhkəm ip qırıldı. Mustafanın əmisi oğlu öldürüldü, seçilmiş vəsi öldürüldü, Əli Mürtəza şəhid edildi; onu ən bədbəxt insan öldürdü.” (9)
Zərbədən sonrakı hadisələr
Ümmü Gülsüm bu nidanı eşidib üzünə sillə vurdu və fəryad etdi:
“Vay ata! Vay Əli! Vay Məhəmməd!”
Həsən və Hüseyn (ələyhis-salam) məscidə qaçdılar. İnsanlar fəryad edirdi:
“Vay imam! Vay Əmirəlmöminin!”
İmam Həsən (ələyhis-salam) məscidə daxil olanda dedi: “Kaş öləydim və bu günü görməyəydim.” Məhraba yaxınlaşanda, atasını mehrabın ortasında yıxılmış halda gördü. Əbu Cədə və bir qrup səhabə və ənsar da orada idi və onu qaldırıb camaatla namaz qıldırmaq istəyirdilər, lakin onun buna gücü çatmırdı. Sonra Əmirəl-möminin (əleyhis-salam) İmam Həsəni (əleyhis-salam) öz yerinə imam təyin etdi ki, namaz qıldırsın. O Həzrət namazını oturaq halda qıldı və şiddətli ağrıdan sağa-sola qıvrılırdı. İmam Həsən (əleyhis-salam) namazı bitirdikdən sonra atasının başını qucağına aldı və dedi: “Ey ata! Belim sındı, səni bu halda necə görə bilərəm?”
Əmirəlmöminin (ələyhis-salam) gözlərini açıb buyurdu: “Oğlum, bu gündən atan artıq ağrı və əzab çəkmir. İndi sənin baban Məhəmməd Mustafa, nənən Xədicə, anan Fatimə və cənnət huriləri sənin atanı gözləyir. Ağlama, çünki sənin ağlamağın mələkləri ağladır.”
Yarasını sarıyıb onu məsciddən çıxardılar. Kufə şəhərində xəbər yayıldı. İnsanlar axışıb gəldilər. O, göyə baxıb təsbih edir və deyirdi:
“İlahi, məni peyğəmbərlər və vəsilərlə yoldaş et və məni Cənnətin ən uca dərəcələrinə çatdır.”
Sonra huşunu itirdi. İmam Həsən (ələyhis-salam) ağladı. Həzrət ayılıb buyurdu:
“Oğlum, niyə ağlayırsan? Sən də zəhərlə şəhid ediləcəksən, qardaşın Hüseyn qılıncla şəhid olacaq və hər ikiniz ata-ananıza qovuşacaqsınız.” (10)
- “Muntəhəl-əmal fi təvarix ən-nəbi vəl-al” (farsca), c.1, s.418
- Həmin mənbə
- “Muntəhəl-əmal fi təvarix ən-nəbi vəl-al” (farsca), c.1, s.419
- “Muntəhəl-əmal fi təvarix ən-nəbi vəl-al” (farsca), c.1, s.421
- Həmin mənbə
- “Muntəhəl-əmal fi təvarix ən-nəbi vəl-al” (farsca), c.1, s.422
- Həmin mənbə
- “Muntəhəl-əmal fi təvarix ən-nəbi vəl-al” (farsca), c.1, s.424
- Həmin mənbə
- “Muntəhəl-əmal fi təvarix ən-nəbi vəl-al” (farsca), c.1, s.425