Səfvan ibn Mehranı Əmirəlmöminin (əleyhissalam) hərəminin ilk mütəvəllisi adlandırmaq olar. O, İmam Sadiq (əleyhissalam) tərəfindən bu vəzifəyə təyin edilmiş və Əmirəlmöminin (əleyhissalam)-ın sadə məzarının təmiri məsuliyyətini üzərinə götürmüşdür.
“Səfvan ibn Mehran Əsədi”, Səfvan Cəmal adı ilə tanınır və İmam Sadiq (əleyhissalam) ilə İmam Kazımın (əleyhissalam) səhabələrindən və ravilərindən olmuşdur. “İbn Quləveyh”in “Kamilüz-ziyarat” kitabında nəql etdiyinə görə, Səfvan 20 il ərzində Əmirəlmöminin (əleyhissalam)-ın məzarını ziyarət etmiş və orada namaz qılmışdır.
Səfvan Cəmal belə nəql edir:
“İmam Sadiq (əleyhissalam) məni özü ilə birlikdə “Qaim” tərəfə apardı və buyurdu: yolunu Ğəra (Nəcəf) istiqamətinə yönəlt. Ora çatdıqda, İmam lifdən toxunmuş bir ip çıxardı və onu yer üzərində çəkərək müəyyən bir məsafəni ölçdü.
Sonra bir nöqtədə dayandı, torpaqdan bir ovuc götürüb qoxladı. Bir qədər irəlilədi və bu gün Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinin tanındığı yerdə dayandı.
Yenidən bir ovuc torpaq götürüb qoxladı, sonra isə elə şiddətlə ağladı ki, Səfvan onun vəfat edəcəyini düşündü. Özünə gəldikdən sonra buyurdu: Allaha and olsun, burası Əmirəlmöminin (əleyhissalam)-ın məzarıdır.”
Bu rəvayət, Bəni-Üməyyənin süqutundan sonra İmam Sadiqin (əleyhissalam) Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinə etdiyi ilk açıq ziyarətlərdən biri hesab olunur. Bu dövrdə artıq düşmənlərin təhlükəsi azalmışdı.
Başqa bir rəvayətdə Səfvan Cəmal deyir:
“İmam Sadiq (əleyhissalam) ilə birlikdə Mədinədən Kufəyə doğru hərəkət etdik. Hirə bölgəsindən keçərkən, İmam məni çağırdı və…” (rəvayətin davamı göstərir ki, Həzrət Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinin Nəcəfdə olduğunu bildirmişdir).
Səfvan Cəmmal ikinci ziyarətini belə nəql edir:
“İmam Sadiq (əleyhissalam) ilə Kufəyə getdik ki, Mənsur Dəvaniqinin yanına gedək.
İmam mənə dedi: bura mənim babam Əmirəlmöminin (əleyhissalam)-ın hərəmi-dir. Minikdən en. Sonra özü qüsl etdi, təmiz paltar geyindi və biz təvazö ilə hərəkət edərək Zükavat məntəqəsinə çatdıq. İmam əsası ilə bir xətt çəkdi və buyurdu: buranı qaz.
Torpağı kənara çəkdikdə, qəbrin izi aşkar oldu.
İmam ağladı və dedi: “Salam olsun sənə, ey pak və saleh vəsi! Salam olsun sənə, ey böyük xəbər…”
Sonra mənə icazə verdi ki, qəbrin yerini Kufə şiələrinə tanıdım. Həmçinin mənə bir neçə dirhəm verdi ki, külək və yağış nəticəsində dağılan qəbrin daşlarını bərpa edim.”
Beləliklə, Səfvan ibn Mehranı İmam Sadiq (əleyhissalam) tərəfindən bu vəzifəyə təyin edilmiş, İmam Əlinin (əleyhissalam) hərəminin ilk mütəvəllisi hesab etmək olar.
Səfvan Cəmal başqa bir rəvayətdə belə deyir:
“İmam Sadiq (əleyhissalam) ilə birlikdə Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinə çatdıq. İmam kiçik bir çuxur qazdı və qəbrin nişanəsi olsun deyə dəmir bir sikkə çıxardı. Sonra bir qab götürdü, dəstəmaz aldı, dörd rükət namaz qıldı və mənə dedi: Ey Səfvan, qalx və mənim etdiyimi sən də et. Bil ki, bu, Əmirəlmöminin (əleyhissalam)-ın qəbridir.”
Səfvan başqa bir rəvayətdə belə nəql edir:
“İmam Sadiq (əleyhissalam) ilə Qadisiyyədən Nəcəfə doğru hərəkət etdik. İmam Nəcəfin yüksəkliklərinə çatdıqda buyurdu: Bu, mənim cəddim Nuhun (əleyhissalam) oğlunun tufan zamanı sığınmaq istədiyi dağdır və o demişdi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam” (Hud, 43). Allah ona vəhy etdi ki, Məndən başqa sığınacaq yoxdur. Sonra həmin dağ yerə batdı və onun bir hissəsi Şama (Suriya) qədər uzandı.”
Sonra İmam buyurdu: “Yolu dəyiş.” Biz Ğəraya çatdıq. Orada Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinin yanında dayandı, həzrət Adəmdən sonuncu Peyğəmbərə (sallallahu əleyhi və alihi) qədər hamısına salam göndərdi və mən də onunla birlikdə təkrar edirdim. Sonra qəbrin üzərinə düşdü, ağladı və dörd rükət namaz qıldı. Soruşdum: Bu qəbir kimindir? Buyurdu: Bu, mənim cəddim Əli ibn Əbu Talibin (əleyhissalam) qəbridir.”
Səfvanın Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinin yeri barədə rəvayəti:
“İmam Sadiqdən (əleyhissalam) Əmirəlmöminin (əleyhissalam)-ın dəfn olunduğu yer barədə soruşdum. İmam qəbrin dəqiq yerini mənə izah etdi. Mən ora getdim, namaz qıldım və sonra İmamın yanına qayıdaraq hadisəni ona danışdım. İmam təsdiqləyərək buyurdu: Düz etmisən. Bundan sonra Səfvan iyirmi il həmin məkanda ibadət və namazla məşğul oldu.”
İbn Tavus “Müsənnəf fi tarix əl-Kufə” kitabında belə nəql edir:
“Səfvan deyir: Mən və dostum Kufədən çıxdıq və İmam Sadiqin (əleyhissalam) yanına getdik və Əmirəlmöminin (əleyhissalam)-ın qəbrini soruşduq.
İmam buyurdu: O, sizin yanınızdadır, Kufənin arxasında, filan yerdədir və bizə təsvir etdi. Ora getdik və qəbrı tapdıq.
Sonra yenidən İmamın yanına qayıtdıq və dedik: Sənin dediyin kimi qəbri tapdıq. İmam buyurdu: Bəli, məhz oradadır – ağ təpələrin (Zükavat Beyz) yaxınlığında.”
Səfvan Cəmal və Amir ibn Abdullah ibn Cəzaə belə rəvayət etmişlər ki, Amir dedi:
“İnsanlar belə düşünürlər ki, Əmirəlmöminin (əleyhissalam) Rəhbədə dəfn olunub, lakin İmam bunun doğru olmadığını izah etdi. Buyurdu ki, Əmirəlmöminin (əleyhissalam) şəhid olduqdan sonra, İmam Həsən (əleyhissalam) onun cəsədini Kufənin arxasına apardı və Nəcəf yaxınlığında, ağ təpələr (Zükavat Beyz) arasında – Ğəranin solunda və Hirənin sağında dəfn etdi.
Sonralar həmin yerə getdikdə əvvəlcə başqa bir yer olduğunu düşündüm, lakin İmama xəbər verəndə buyurdu: Düz tapmısan, Allah sənə rəhm etsin (üç dəfə).”
Bu rəvayətdən belə başa düşmək olar ki, bu gün Nəcəf şəhərinin qədim hissəsində Əmirəlmöminin (əleyhissalam)-ın qəbrinin qarşısında dayanıb Kufəyə tərəf baxsaq, qəbir Ğəranın sol tərəfində (tarixi Ğəriyn bölgəsində) və Hirənin sağ tərəfində yerləşir və indiki Nəcəf ətrafında dəfn olunmuşdur.
Mənbə:
“Tarix əl-mərqəd əl-əlavi əl-mutahhar” kitabından götürülmüşdür.