İmam Əli (ə) hərəminin nümayəndə heyəti Beynəlxalq Sadiqeyn Həftəsi çərçivəsində keçiriləcək proqramlarda iştirak etmək məqsədilə Pakistana səfər edib.
İmam Əli (ə) hərəminin nümayəndə heyəti Pakistanın Lahor şəhərində Minhacül-Hüseyn (ə) İnstitutunun təsisçisi və rəhbəri Əllamə Şeyx Məhəmmədhüseyn Əkbərlə görüşərək İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və Onun nəvəsi İmam Cəfər Sadiqin (ə) mövludlarının ildönümünə həsr olunmuş xüsusi tədbirlərin Beynəlxalq Sadiqeyn Həftəsi çərçivəsində keçirilməsini müzakirə edib.
İmam Əli (ə) hərəminin İctimaiyyətlə Əlaqələr bölməsinin əməkdaşı və Pakistan üzrə nümayəndəsi Mazin əl-Əsəd xəbər mərkəzinə açıqlamasında bildirib:
“İmam Əli (ə) hərəmi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və Onun nəvəsi İmam Cəfər Sadiqin (ə) mövludlarını qeyd etmək məqsədilə müxtəlif proqramlar hazırlayıb. Bu proqramlara dünyanın bir sıra ölkələrində dini, elmi və xeyriyyə qurumlarına səfərlər də daxildir.”
O əlavə edib:
“Lahor şəhərində yerləşən Minhacül-Hüseyn İnstitutu İmam Əli (ə) hərəminin nümayəndə heyətinin bu səfər çərçivəsində ziyarət etdiyi məkanlardan biri olub.”
Əl-Əsəd həmçinin bildirib ki, nümayəndə heyəti görüş zamanı hərəmin mütəvəllisi və Əmirəl-mömininin (ə) xidmətçilərinin salam və ehtiramlarını institutun rəhbərliyinə çatdırıb.
Nümayəndə heyəti görüş zamanı Minhacül-Hüseyn (ə) İnstitutunun müxtəlif fəaliyyət və bölmələri ilə də tanış olub. Əhli-beyt (ə) ardıcılları üçün elmi, mədəni, xeyriyyə və dini proqramlar həyata keçirən institut Lahor şəhərində fiqh, elm və Quran sahələrində də fəaliyyət göstərir.
O əlavə edib:
“Bu institut həm qadın, həm də kişi tələbələr üçün dini hövzə təhsili imkanları yaradır. Burada müxtəlif elm sahələri, fiqh, dini biliklər və Quran elmləri üzrə ixtisaslaşmış bir sıra müəllimlər fəaliyyət göstərirlər.”
Qeyd edək ki, bu il Beynəlxalq “Həzrət Məhəmməd (s) və imam Sadiq (ə)” həftəsinin beşinci dövrəsi Azərbaycan Respublikası və Pakistan da daxil olmaqla bir sıra İslam ölkələrində dini, mədəni və ictimai tədbirlərin, mərasimlərin və festivalların keçirilməsini nəzərdə tutur.
Bu proqramlar dini hadisələrin yad edilməsi, eləcə də beynəlxalq qurumlarla mədəni və elmi mübadilənin gücləndirilməsi məqsədilə təşkil olunur.






