İmam Əli (ə) hərəmi ziyarətçilərin şəri məsələlərlə bağlı suallarını cavablandırmaq üçün 60-dan çox kişi və qadın din təbliğatçısını xüsusi məntəqələrdə yerləşdirib.
İmam Əli (ə) hərəmi ziyarətçilərin şəri suallarını cavablandırmaq, onlara zəruri dini və ictimai məsələlər üzrə maarifləndirici tövsiyələr vermək məqsədilə müqəddəs hərəmin daxilində və ətrafında yaradılmış şəri məsələlərə cavab məntəqələrində 60-dan çox kişi və qadın din təbliğatçısı yerləşdirib.
Bu tədbir Peyğəmbəri-Əkrəm həzrət Məhəmmədin (s) şəhadətinin ildönümünün yad edilməsi ilə eyni vaxtda həyata keçirilib.
Dini işlər bölməsinin rəhbəri Höccətül-islam vəl-müslimin Şeyx Kərar Xəfaci xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Allah Rəsulunun (s) şəhadətinin ildönümü münasibətilə çoxsaylı möminlər piyada və miniklə Əmirəl-möminin Həzrət Əlinin (ə) müqəddəs hərəminə üz tutur və bu böyük müsibətlə bağlı başsağlığı və təziyələrini çatdırırlar. Buna görə də İmam Əli (ə) hərəmi ziyarət günlərində zəvvarların ehtiyaclarını təmin etmək məqsədilə müqəddəs hərəmin daxilində və ətrafında şəri məsələlərə cavab məntəqələri yaradıb və kişilər və qadınlar üçün ayrıca məntəqələr təşkil edib».
Xəfaci həmçinin bildirib ki, bu məntəqələrdə 60-dan çox kişi və qadın fəaliyyət göstərir. Onlar bu layihədə iştirak etmək üçün Nəcəfi-Əşrəfə gəliblər. Onların vəzifəsi şəri və dini məsələlərlə bağlı sualları cavablandırmaq, eləcə də ictimai mövzularla əlaqədar suallara cavab verməkdir.
Qeyd edək ki, İmam Əli (ə) hərəminin Peyğəmbəri-Əkrəmin (s) şəhadətinin ildönümü münasibətilə hazırladığı genişmiqyaslı xidmət proqramı Nəcəfi-Əşrəfə gələn milyonlarla ziyarətçiyə göstərilən çoxsaylı xidmətləri əhatə edir.













