Rəsul-Əzəm Tibb Mərkəzi Ərbəin günlərində Əmirəl-möminin (ə) müqəddəs hərəminin zəvvarlarına müalicə və tibbi xidmətlər göstərəcək.
İmam Əli (ə) hərəmi Rəsul-Əzəm Tibb Mərkəzi vasitəsilə hərəmin müxtəlif bölmələri ilə koordinasiya və Nəcəf Əşrəf Səhiyyə İdarəsinin əməkdaşlığı çərçivəsində imam Hüseynin (ə) Ərbəini münasibətilə xüsusi tibbi xidmətlər layihəsinin icrasına başlayıb.
Bu layihə Əmirəl-möminin Əlinin (ə) müqəddəs hərəminin zəvvarlarına səhiyyə, tibbi və təcili yardım xidmətləri göstərmək məqsədilə həyata keçirilir.
Rəsul-Əzəm Tibb Mərkəzinin rəhbəri doktor Cavad İsmaili imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu layihə çərçivəsində beş tibb məntəqəsi yaradılıb. Bu məntəqələr tibbi və xidmət heyəti, tibbi avadanlıqlar, dərmanlar və zəruri müalicə vasitələri ilə təchiz edilib ki, zəvvarlara ən yüksək səviyyədə xidmət göstərilsin.»
O əlavə edib: «Bu məntəqələr imam Əli (ə) müqəddəs hərəminin ətrafında yerləşdirilib. Birinci məntəqə Darüş-Şəfada, ikinci məntəqə Şeyx Tusinin (qüdduisə sirruh) qapısının genişləndirilməsi ərazisində, üçüncü məntəqə həzrət Fatimə (s.ə.) həyətində, dördüncü məntəqə Həmmami yolayrıcının yaxınlığındakı Ələvi Kompleksində, beşinci məntəqə isə Əl-Huli bölgəsində yerləşən imam Rza (ə) şəhərciyində zəvvarlara xidmət göstərmək üçün fəaliyyət göstərir. Bütün bu mərkəzlərdə kişilər və qadınlar üçün ayrıca qəbul və müalicə bölmələri fəaliyyət göstərir.»
Doktor İsmaili həmçinin vurğulayıb: «Mərkəzimiz könüllü xidmətçilər üçün xüsusi Qənbər Mərkəzi ilə koordinasiya şəraitində təxliyə bölməsinə dəstək olmaq və səhra yardım qruplarını gücləndirmək məqsədilə 335 qadın və kişi xilasedicini xidmətə cəlb edib. Həmçinin xəstələrin və yaralıların daha sürətli şəkildə köçürülməsi və tibbi hazırlığın ən yüksək səviyyədə saxlanılması məqsədilə yüngül və ağır təcili yardım avtomobilləri imam Əli (ə) hərəminin ətrafında yerləşdirilib.»
O, sözlərinə belə davam edib: «Əməyin təhlükəsizliyi və peşə sağlamlığı bölməsi zəvvarların hərəkətinin tənzimlənməsində, izdihamın azaldılmasında və insanların sıxlığından irəli gələn hadisələrin qarşısının alınmasında mühüm rol oynayır. Həmçinin Hüseyni xidmət məntəqələrində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət edir. Ətraf mühit bölməsi isə zəvvarlar arasında paylanan qida və içkilərin sağlamlığını yoxlayır və onların sanitariya standartlarına uyğunluğunu təmin edir. Bununla da zəvvarların sağlamlığının və göstərilən xidmətlərin keyfiyyətinin qorunmasına zəmanət verilir.»
Qeyd edək ki, imam Əli (ə) hərəmi bütün bölmələrini səfərbər edərək imam Hüseynin (ə) Ərbəini ziyarətinə gələn zəvvarlara xidmət göstərilməsində iştirak edir. Bu zəvvarlar möhtəşəm Ərbəin mərasimlərini yerinə yetirmək üçün Kərbəlayi-Müəllaya doğru hərəkət edərkən Nəcəf Əşrəfdə yerləşən Əmirəl-mömininin (ə) müqəddəs hərəmini ziyarət yolunun ən mühüm dayanacaqlarından biri kimi seçirlər.


