İmam Əli (ə) hərəmi Ərbəin zəvvarlarına erkən xidmət göstərilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq zəvvarlara ikram yeməklərinin paylanmasına başlayıb.
İmam Əli (ə) hərəmində Zəvvarların Qonaq Evi bölməsi Ərbəin zəvvarlarına erkən xidmət göstərilməsi məqsədilə Səfər ayının 7-dən etibarən Əba Abdullah əl-Hüseynin (ə) Ərbəin ziyarətinə gələn, əvvəlcə möminlərin mövlası İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edən, daha sonra isə Kərbəlayi-Müəllaya yola düşən zəvvarlar arasında təbərrük yeməklərinin paylanmasına başlayıb.
İmam Əli (ə) hərəmində Zəvvarların Qonaq Evi bölməsinin rəhbəri Əsir ət-Təmimi hərəmə aid Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Milyonlarla zəvvarın İmam Əmirəlmöminin (ə) müqəddəs hərəminə erkən gəlişi ilə eyni vaxtda onlara xidmət göstərilməsinə Həzrət Fatimə (s.ə.) həyətinin yaxınlığında yerləşən Zəvvarlar üçün Mərkəzi Qonaq Kompleksinin əsas girişindən başlanılıb.
Həmçinin Əhli-beytin kərimi imam Həsənin (ə) şəhadətinin ildönümü münasibətilə zəvvarlar üçün Ələvi kəramət süfrəsi hazırlanıb».
O əlavə edib: «İmam Əli (ə) hərəmində rəhbərliyin göstərişinə əsasən, Ərbəin zəvvarlarına xidmət, ikram və istirahət üçün onlarla mərkəz elə ilk günlərdən fəaliyyətə başlayıb.
Bu mərkəzlərə müqəddəs Heydəri həyətinin ətrafındakı məntəqələr, Nəcəfi-Əşrəf şəhərinin qədim hissəsində Əmirəlmöminin həzrət Əlinin (ə) hərəminə aparan yollar üzərində yerləşən məkanlar, eləcə də Ərbəin piyada yürüşü marşrutu boyunca yaradılmış ikram məntəqələri daxildir. Milyonlarla zəvvar Kərbəlayi-Müəllaya doğru hərəkət edərkən Nəcəfi-Əşrəf şəhərindən keçərək bu marşrutla irəliləyirlər».
Qeyd edək ki, imam Əli (ə) hərəmi bütün imkanlarını və bölmələrini səfərbər edərək Əba Abdullah əl-Hüseynin (ə) Ərbəin zəvvarlarına xidmət göstərməkdə iştirak edir. Bu zəvvarlar Nəcəfi-Əşrəfdə yerləşən imam Əli (ə) hərəmini Kərbəlayi-Müəllaya doğru Ərbəin piyada yürüşü zamanı keçdikləri əsas dayanacaqlardan biri kimi seçirlər.








