İmam Əli (ə) hərəmi hərəmin və ətraf ərazilərin sərinləşdirilməsi məqsədilə təxminən 500 su səpən ventilyator hazırlayıb.
İmam Əli (ə) hərəmi Ərbəin zəvvarlarını qarşılamağa hazırlıq çərçivəsində Texniki Xidmət bölməsi vasitəsilə hərəmin müxtəlif hissələrində və ətrafında quraşdırılmış təxminən 500 su səpən ventilyatorun hazırlanması və işə salınması prosesinə başlayıb.
Bu tədbirin məqsədi Ərbəin mərasimi günlərində zəvvarlar üçün daha əlverişli şərait yaratmaq və havanın yüksək temperaturunun təsirlərini azaltmaqdır.
Su səpən sistemin hazırlanması
Ətir və su səpən ventilyatorlar bölməsinin məsul şəxsi Rza Hüseyn xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu bölmənin əməkdaşları Ərbəin zəvvarlarını ən yaxşı şəkildə qarşılamaq məqsədilə imam Əli (ə) hərəmində, hərəmin açıq ərazilərində və ona aparan küçələrdə quraşdırılmış su səpən ventilyatorlar sisteminin təmiri, hazırlanması və işə salınması işlərini başa çatdırıblar».
O əlavə edib: «Bu su səpən ventilyatorlar yay fəslində ətraf mühitin sərinləşdirilməsində mühüm rol oynayır. Sistemdə istifadə olunan su vahid soyutma sistemi və çiller qurğusu vasitəsilə soyudulur. Bu da ventilyatorlardan çıxan havanın temperaturunun azalmasına və zəvvarlar üçün daha əlverişli mühitin yaranmasına səbəb olur».
Geniş ərazini əhatə edən sistem
O, bu avadanlıqların quraşdırıldığı yerlər barədə deyib: « Su səpən ventilyatorlar Heydəri səhnində, həzrət Rəsul-Əkrəm (s) həyətində, imam Həsən (ə) həyətində, imam Hüseyn (ə) həyətində və həzrət Fatimə (s.ə) həyətində, eləcə də Cəvahiri, Həmmami və imam Zeynülabidin (ə) küçələrində, həmçinin hərəmin ətrafındakı eskalatorların üzərindəki kölgəliklərdə quraşdırılıb. Bununla da zəvvarların əsas hərəkət marşrutları əhatə olunur».
Bu tədbirlər imam Əli (ə) hərəminin rəhbərliyinin zəvvarlara ən yüksək səviyyədə xidmət göstərilməsi və Ərbəin mərasiminin keçirilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə həyata keçirdiyi hərtərəfli xidmət planı çərçivəsində görülür.




