İmam Hüseyn (ə) Aşura günü söylədiyi rəcəzlərdə öz nəcib nəsəbi ilə iftixar etmiş, Əmirəl-möminin Əlini (ə) misilsiz şücaət, ədalət və iman rəmzi kimi təqdim edərək Əhli-beytin mənəvi, əxlaqi və ruhi üstünlüyünü nümayiş etdirmişdir.
Rəcəz döyüşə başlamazdan əvvəl igidlərin və qəhrəmanların oxuduqları qəhrəmanlıq şeirləridir. Aşura günü də həzrət Seyyidüş-şühədanın (ə) səhabələri, eləcə də o Həzrətin özü belə rəcəzlər söyləyərək döyüşmüşdür. Bu rəcəzlər məqtəl kitablarında nəql edilmişdir.
Bu rəcəzlər təkcə səhabələrin ruh yüksəkliyini artırmaq məqsədi daşımırdı. Eyni zamanda haqqın məzlumluğunu, İmamın ilahi məqamını aşkar edir, Allah yoluna sədaqəti və Əmirəl-möminin Əlinin (ə) dəyərlərinə bağlılığı qəhrəmanlıq ruhunda və təsirli şəkildə nümayiş etdirirdi.
Nə üçün rəcəz oxunurdu?
Rəcəzin döyüş meydanında ilk və ən geniş yayılmış məqsədi igidin özünü qarşısındakı rəqibə və düşmən ordusuna tanıtması idi.
Rəcəzin ikinci məqsədi isə döyüşçünün öz nəsəbini və soy-kökünü bəyan etməsi, bununla özünü tərifləməsi və düşmən qarşısında öz şərəfli mənşəyi ilə fəxr etməsi idi.
Aşura günü günortadan sonra imam Hüseyn (ə) ailə üzvləri ilə vidalaşaraq döyüş meydanına yollandı. O Həzrət möhkəm məzmunlu və əzəmətli bir rəcəz oxuyur, eyni zamanda döyüşürdü.
Küfr cəbhəsinin mahiyyətinin bəyanı
Seyyidüş-şühəda (ə) rəcəzlərində Əhli-beytin şücaətinə, həmçinin Əmirəl-möminin Əliyə (ə) və onun övladlarına qarşı edilən haqsız düşmənçiliyə işarə edərək Aşura hərəkatının haqqsevərlik və ədalət uğrunda mübarizə baxımından Mövlayi-Müttəqinin yolu ilə ayrılmaz bağlılığını göstərmişdir.
İmam Hüseyn (ə) Aşura günü döyüş meydanına daxil olmazdan əvvəl belə buyurmuşdur:
«Bu dəstə küfrə yönəldi və aləmlərin Rəbbinin savabından üz çevirdi. Bundan əvvəl onlar atam Əli (ə) və qardaşım Həsəni (ə) – böyüklük və kəramət nümunələrini – kin və düşmənçilik hədəfinə çevirmişdilər. İndi isə kin və ədavətlə mənə hücum etmək qərarına gəliblər.
Alçaq bu insanlar Xatəm Peyğəmbərin Əhli-beyti ilə vuruşmaq üçün öz ordularını bir yerə topladılar. Onlar iki xəbis insanı razı salmaq naminə mənim qanımı tökmək üçün bir-biri ilə əlbir oldular. Bu yolda murdar bir qadının oğlu Ubeydullahı razı salmaq naminə Allahın qəzəbindən heç bir qorxu və çəkincə duymadılar. Ömər ibn Səd də zülmkarlıqla məni öz qoşununun hədəfinə çevirdi; hər tərəfdən sel kimi üzərimə axışan bir ordu ilə mənə hücum etdilər.»
Şərəfli nəsəblə iftixar
İmam Hüseyn (ə) rəcəzinin bir hissəsində Əmirəl-möminin Əlinin (ə) uca məqamına işarə edərək onu peyğəmbərlərin varisi, döyüş meydanlarının qəhrəmanı və ən çətin anlarda sonuncu Peyğəmbərin (s) sadiq silahdaşı kimi təqdim edir. Həmçinin Allah Rəsulu (s) və həzrət Fatimeyi-Zəhra (ə.s) ilə olan yaxın qohumluq əlaqəsini xatırladaraq öz nəcib və şərəfli nəsəbi ilə iftixar etdiyini bəyan edir.
İmam Hüseyn (ə) buyurdu:
«Mənim heç bir günahım yoxdur. Yeganə “təqsirim” iki parlaq Fərqəd (gecələr istiqamət müəyyən etmək üçün istifadə olunan iki ulduz) ulduzunun nuru ilə iftixar etməyimdir: onlardan biri Allah Rəsulundan (s) sonra insanların ən fəzilətlisi olan Əmirəl-möminin Əli (ə), digəri isə Qüreyşdən olan sonuncu Peyğəmbərdir (s). Allahın bəndələri arasından seçdiyi ata-anam mənim valideynlərimdir və mən onların övladıyam. Sanki qızıldan yaranmış saf gümüşəm. Mən gümüşəm və iki pak cövhərin övladıyam. Anam Fatimeyi-Zəhradır (ə.s.), atam isə peyğəmbərlərin varisi, cinlərin və insanların ağasıdır.
O elə bir şəxsdir ki, Bədr, Ühüd və Hüneyn döyüşlərində misilsiz igidlik göstərdi, döyüş meydanlarının qəhrəmanlarını məğlub etdi. Ühüd döyüşündə şücaəti ilə möminlərin qəlbinə arxayınlıq bəxş etdi, düşmən ordusunu darmadağın etdi. Əhzab, Məkkənin fəthi və digər döyüşlərdə möminlərin dayağı oldu. O, Zülfüqar qılıncı ilə düşmənin qəlbinə zərbə endirən və onların sıralarını yaran Xeybərin fatehidir. Allah yolunda düşmən qoşunlarını məhv edən də məhz o idi; Hüneyndə intiqam almaq üçün toplaşanları da o darmadağın etdi.
Bəs bu nankor ümmət Peyğəmbərin (s) iki itrəti ilə necə rəftar etdi? Allah Rəsulunun (s) pak Əhli-beyti və döyüş meydanlarının qəhrəmanı Əmirəl-möminin Əlinin (ə) ailəsi ilə nə etdilər?
Kimin Cəfər kimi əmisi vardır? O Cəfər ki, Allahın bəxş etdiyi iki qanada sahibdir. Kimin Xatəm Peyğəmbər (s) kimi babası və Əmirəl-möminin Əli (ə) kimi böyük rəhbəri vardır? Mən həmin iki bəşəriyyət örnəyinin övladıyam.
Atam günəş kimidir, anam ay kimidir, mən isə günəşlə ayın nurundan doğan bir ulduzam. Babam Allah Rəsuludur (s), bəşəriyyətin hidayət çırağıdır. Atam isə hər iki beyətdə sarsılmaz mövqe nümayiş etdirən şəxsdir.»
Mövlayi-Müttəqin ilə iftixar
İmam Hüseyn (ə) rəcəzinin digər bir hissəsində Əmirəl-möminin Əlini (ə) döyüş meydanının cəsur aslanı və Əhli-beytin misilsiz irsi kimi vəsf edir. O Həzrət, Əhli-beytin insanların hidayətindəki rolunu və Allah yanında şiələrin uca məqamını vurğulayır.
İmam Hüseyn (ə) döyüş meydanında uca səslə buyurdu:
«Əmirəl-möminin Əli (ə) igid, qəhrəman, cəsur, alicənab, səxavətli və qüvvətli idi. O, dinin möhkəm ipidir; Kövsər hovuzunun sahibi və hər iki qibləyə namaz qılan Əmirəl-möminindir (ə).
O, yeddi yaşından etibarən Allah Rəsulu (s) ilə birlikdə ibadət edirdi. Yer üzündə onlardan başqa namaz qılan heç kəs yox idi. Dünyaya göz açdığı ilk andan etibarən bütlərdən üz çevirdi və bir dəfə də olsun Qüreyşlə birlikdə bütlərə səcdə etmədi. Bütün Qüreyş bütpərəstliklə məşğul olduğu bir dövrdə o, yeniyetməlik və gənclik çağlarında yalnız Vahid Allaha ibadət edirdi.
Atam şücaət meşəsinin aslanı idi. Əlinə nizə aldıqda hansı istiqamətə üz tuturdusa, öldürücü zərbələr endirirdi. Addımları aslanın addımları kimi vüqarlı idi. Lakin kin bəsləyən düşmənlər onun bütün övladlarını bir-bir ölümə məhkum etdilər.
Mən Haşimilər nəslinin saleh övladı, Əmirəl-möminin Əlinin (ə) oğluyam. Əgər öz fəzilətlərimi sadalamaq istəsəm, mənim üçün bu kifayətdir ki, babam Allah Rəsulu (s), Allahın yaratdıqları arasında ən üstünüdür. Biz yer üzünün nur saçanları və onun hidayət çıraqlarıyıq.
Anam Fatimə (ə.s) Əhmədin (s) pak nəslindəndir. Əmim Cəfər isə iki qanad sahibi olan Cəfərdir. Qurani-Kərimin doğru ayələri bizim haqqımızda nazil olmuş, ilahi hidayət bizim aramızda davam etmişdir.
İlahi vəhy həmişə bizi xeyirlə yad etmişdir. Biz Allahın bütün yer əhli üçün əmanətiyik və bu həqiqəti hər bir şəraitdə nümayiş etdirmişik. Kövsər hovuzunun ixtiyarı bizə verilmişdir və biz öz dostlarımızı Allah Rəsulunun (s) camı ilə sirab edəcəyik. Bu, danılması mümkün olmayan bir həqiqətdir.
Bizim şiələrimiz insanlar arasında ən şərəfli şəxslərdir. Düşmənlərimiz isə Qiyamət günü ziyandan başqa heç bir pay əldə etməyəcəklər.»
Mənbə: əl-Mənaqib, c. 4, s. 79.