Aşura hadisəsindən illər əvvəl Peyğəmbərin (sallallahu ələyhi və alih) və Əmirəl-möminin Əlinin (ələyhis-salam) göz yaşları Kərbəla faciəsindən xəbər verirdi. Mövla Əli (ələyhis-salam) qeybi məlumatla Kərbəla torpağını qoxulamış, orada şəhid olacaq insanların məkanlarını müəyyən etmişdi. Bu rəvayətlər imam Hüseynin (ələyhis-salam) şəhadət hadisəsini Əmirəl-möminin Əlinin (ələyhis-salam) nurani baxışı və öncədən verdiyi xəbərlər prizmasından bəyan edir.
İslam tarixinin bütün böyük hadisələri arasında heç bir hadisə imam Hüseynin (ələyhis-salam) şəhadəti qədər həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və Əmirəl-mömininin (ələyhis-salam) öncədən verdiyi xəbərlərlə sıx bağlı olmamışdır. Mövla Əli (ələyhis-salam) imam Hüseynin (ələyhis-salam) şəhadətini xəbər verməklə yanaşı, Aşura hadisəsinin bəzi təfərrüatlarına da işarə etmişdir. O Həzrət xeyməgahın yerini, şəhadət məkanını, dəfn olunacaq yeri, İmam Hüseynin (ələyhis-salam) köməksiz buraxılacağını və hətta Aşuradan sonrakı hadisələri belə bəyan etmişdir. Bu xəbərlər yalnız bir hadisənin baş verəcəyini bildirmək deyildi; əksinə, vicdanların oyadılması, haqq ilə batilin yolunun aydınlaşdırılması üçün ilahi bir xəbərdarlıq idi.
Kərbəla faciəsinin kədərli xəbəri
Əmirəl-möminin (ələyhis-salam) Kərbəla torpağı ilə bağlı öncədən verdiyi xəbər və xatırlatması vasitəsilə imam Hüseynin (ələyhis-salam) müsibəti ilə ilahi risalət arasındakı dərin əlaqəni Siffeynə gedən yolda aşkara çıxarmışdır.
Əmirəl-mömininin (ələyhis-salam) səhabələrindən və bu hədisin ravilərindən olan Abdullah ibn Yəhya nəql edir: “Əmirəl-möminin Əli ibn Əbu Taliblə (ələyhis-salam) birlikdə Siffeynə doğru gedirdik. Həzrət Neynəva ilə üzbəüz olan bir məntəqəyə çatdıqda buyurdu: «Ey Abdullah! Bir qədər yavaş get.»
Sonra buyurdu: «Bir gün Allahın Rəsulunun (sallallahu əleyhi və alih) hüzuruna daxil oldum. Gördüm ki, mübarək gözləri yaşla doludur. Ərz etdim: “Atam-anam sizə fəda olsun, ey Allahın Rəsulu! Nə üçün gözləriniz yaşlıdır? Məgər sizi kimsə qəzəbləndirib?”
Həzrət buyurdu: “Xeyr. Lakin bir az əvvəl Cəbrail mənim yanımda idi və mənə xəbər verdi ki, sənin Hüseynin Fərat çayının kənarında şəhid ediləcəkdir.”
Sonra Cəbrail dedi: “Hüseynin (ələyhis-salam) torpağını qoxulamaq istəyirsənmi?”
Dedim: “Bəli.”
O zaman əlini uzadıb Hüseynin (ələyhis-salam) torpağından bir ovuc götürdü və mənə verdi. Mən göz yaşlarımı saxlaya bilmədim. Həmin məkanın adı Kərbəladır.” [1]
Kərbəla; cənnət əhlinin vədələşdiyi məkan
Möminlərin Mövlası Əli (ələyhis-salam) Kərbəladan keçərkən göz yaşları və bəsirəti ilə İmam Hüseynin (ələyhis-salam) səhabələrinin şəhadət aqibətini əvvəlcədən bəyan etmişdir.
Cüveyriyyə ibn Müsəhhər əl-Əbdi Əmirəl-mömininin (ələyhis-salam) yaxın, etibarlı və sevimli səhabələrindən idi. O, Siffeyn və Nəhrəvan döyüşlərində Həzrətin yanında olmuş və belə nəql etmişdir:
“Əmirəl-mömininlə (ələyhis-salam) birlikdə Siffeynə doğru hərəkət etdiyimiz zaman Kərbəlanın yüksəkliklərinə çatdıq. Həzrət ordunun bir kənarında dayandı, ətrafa nəzər saldı və göz yaşları tökdü. Sonra buyurdu:
«Allaha and olsun ki, bura onların enəcəyi və şəhid olacaqları yerdir.»
Soruşdular:
«Ey Əmirəl-möminin! Bura haradır?»
Buyurdu:
«Bura Kərbəladır; burada elə kişilər şəhid ediləcəklər ki, hesabsız olaraq cənnətə daxil olacaqlar.»
Sonra Həzrət yoluna davam etdi. O gün insanlar bu sözlərin mənasını dərk etmədilər. Lakin Hüseyn ibn Əlinin (ələyhis-salam) və onun səhabələrinin Kərbəlada şəhadəti baş verdikdən sonra Həzrətin buyurduqlarının mənası hamıya aydın oldu.” [2]
Kərbəladan qaçan adam
Rəvayət və tarixi mənbələrə görə, Əmirəl-möminin (ələyhis-salam) Kərbəla torpağından keçərkən İmam Hüseynin (ələyhis-salam) şəhadətini öncədən xəbər verməklə yanaşı, Aşura hadisəsinin bəzi təfərrüatlarına da işarə etmişdir.
Möminlərin Mövlasının səhabələrindən olan Hərsəmə ibn Süleym nəql edir:
“Döyüşlərin birində Əli ibn Əbu Taliblə (ələyhis-salam) birlikdə idik. Kərbəlaya çatdığımız zaman Həzrət namaz qıldı. Namazı bitirdikdən sonra həmin torpaqdan bir ovuc götürdü, onu qoxuladı və buyurdu:
«Xoş olsun sənin halına, ey torpaq! Səndən elə bir dəstə dirildiləcək ki, hesabsız olaraq cənnətə daxil olacaqlar.»
Sonra deyir:
“Müharibədən qayıtdıqdan sonra bu hadisəni həyat yoldaşım Cərdaya danışdım. O, Əmirəl-mömininin (ələyhis-salam) dostlarından və şiələrindən idi. Təəccüblə dedim: «O, bu qeybi məsələləri haradan bilir?» Həyat yoldaşım dedi: «Ey kişi! Bu sözləri kənara qoy. Əmirəl-möminin (ələyhis-salam) haqdan başqa bir söz deməz.»”
Hərsəmə sözünə davam edərək deyir:
“İllər sonra Übeydullah ibn Ziyad Hüseyn ibn Əli (ələyhis-salam) və onun səhabələri ilə döyüşmək üçün bir ordu göndərdi. Mən də həmin ordunun süvariləri arasında idim. Hüseynin (ələyhis-salam) düşərgəsinə çatdıqda oranı tanıdım. Bura Əmirəl-mömininin (ələyhis-salam) bizi yerləşdirdiyi yer idi; elə həmin məkan idi ki, torpağını götürüb qoxulamış və o sözləri buyurmuşdu. Gəlişimə peşman oldum. Atıma minib Hüseynin (ələyhis-salam) yanına getdim, salam verdim və atasından bu torpaq barədə eşitdiklərimi ona danışdım.”
İmam Hüseyn (ələyhis-salam) mənə buyurdu:
«Bizimləsən, yoxsa bizə qarşı?»
Dedim:
«Ey Allahın Rəsulunun oğlu! Nə sizinləyəm, nə də sizə qarşı. Ailəmi qoyub gəlmişəm və İbn Ziyadın onlara zərər yetirməsindən qorxuram.»
İmam Hüseyn (ələyhis-salam) buyurdu:
«Elə isə buradan uzaqlaş və get ki, bizim öldürülməyimizi görməyəsən. Məhəmmədin canı əlində olan Allaha and olsun ki, bu gün bizim qətlə yetirilməyimizi görüb bizə kömək etməyən hər kəsi Allah oda daxil edəcəkdir.»
Hərsəmə deyir:
“Mən də həmin torpaqdan qaçdım ki, onların şəhadət səhnəsini görməyim.” [3]
Möminlərin Mövlasının Aşura hadisəsi ilə bağlı öncədən verdiyi xəbərlər
Əmirəl-möminin (ələyhis-salam) öz ilahi bəsirəti ilə İmam Hüseynin (ələyhis-salam) şəhadətini və məzlumiyyətini Kufənin arxa tərəfində yerləşən Kərbəla torpağında baş verəcəyini öncədən xəbər vermişdir.
Əmirəl-mömininin (ələyhis-salam) səhabələrindən və Mədinədə ona ilk beyət edənlərdən olan Haris Əvər, Həzrətin hədis və xütbələrini yazıya alan şəxslərdən idi. O, Əmirəl-möminindən (ələyhis-salam) belə nəql edir:
«Atam-anam Kufənin arxa tərəfində şəhid ediləcək Hüseynə fəda olsun! Allaha and olsun, sanki görürəm ki, vəhşi heyvanlar Hüseynin qəbrinin üzərinə boyunlarını uzadaraq gecədən səhərədək onun üçün ağlayır və növhə oxuyurlar. O zaman yetişəndə zülm və haqsızlıq etməkdən çəkinin.» [4]
Həmçinin Əmirəl-möminin Əli (ələyhis-salam) İmam Hüseynin (ələyhis-salam) şəhadət məkanını vəsf edərək buyurmuşdur:
«Hüseyn (ələyhis-salam) qəribə və faciəli şəkildə öldürüləcəkdir. Mən onun şəhid olacağı torpağı tanıyıram; o, iki çay arasında yerləşən bir diyardır.» [5]
Tarixin Mövlanın öncədən verdiyi xəbərə şahidliyi
Əmirəl-möminin (ələyhis-salam) başqa bir məqamda əziz oğlu Hüseynin (ələyhis-salam) şəhadətini Peyğəmbərin (sallallahu əleyhi və alih) və özünün səhabələrindən olan Bəra ibn Azibə xatırladaraq buyurmuşdur:
«Oğlum Hüseyn öldürüləcəkdir. Sən o gün sağ olacaqsan, lakin ona kömək etməyəcəksən.»
İllər keçdi və Kərbəla faciəsi baş verdi. İmam Hüseynin (ələyhis-salam) şəhadətindən sonra Bəra ibn Azib bu sözlərin gerçəkləşdiyini öz gözləri ilə gördükdən sonra deyirdi:
«Allaha and olsun ki, Əli ibn Əbu Talib (ələyhis-salam) doğru buyurmuşdu. Hüseyn şəhid edildi və mən ona kömək etmədim!»
O, bu böyük məhrumiyyətə görə ömrünün sonuna qədər dərin həsrət və peşmançılıq hissi keçirmişdir. [6]
Ey bütün möminlərin göz yaşlarının səbəbi!
Əmirəl-möminin Əli (ələyhis-salam) öz bəsirətli baxışı ilə imam Hüseynin (ələyhis-salam) vücudunda möminlərin göz yaşlarının, hüzn və kədərinin qaynağını görürdü.
İmam Cəfər Sadiq (ələyhis-salam) buyurur:
“Bir gün Əmirəl-möminin Əli (ələyhis-salam) oğlu imam Hüseynə (ələyhis-salam) nəzər saldı və buyurdu:
«Ey bütün möminlərin göz yaşlarının səbəbi!»
İmam Hüseyn (ələyhis-salam) soruşdu:
«Ata can! Məgər mən nəzərdə tutuluram?»
Əmirəl-möminin (ələyhis-salam) cavab verdi:
«Bəli, ey əziz oğlum.» [7]
Mənbələr
[1] Biharül-ənvar, c. 44, s. 247
[2] Biharül-ənvar, c. 41, s. 286
[3] Vəqətü Siffin, c. 1, s. 140
[4] Biharül-ənvar, c. 45, s. 205
[5] Biharül-ənvar, c. 44, s. 262
[6] Biharül-ənvar, c. 44, s. 262
[7] Biharül-ənvar, c. 44, s. 280